
İyunun 23-də Brüsseldə keçirilmiş “Bağlılıq Gündəliyi Platforması”nın yüksək səviyyəli açılış tədbiri çərçivəsində Ermənistan Respublikasının Xarici İşlər nazirinin müavini Vahan Kostanyan Avropa Komissiyasının prezidentinin diplomatik məsələlər üzrə baş müşaviri Saymon Mordyu və mobillik və nəqliyyat baş idarəsinin baş direktor müavini Maya Bakran ilə görüşlər keçirib.
Bu barədə Ermənistan XİN-dən məlumat verilib.
Saymon Mordyu ilə görüş zamanı tərəflər bu istiqamətdə ticarət-iqtisadi məhdudiyyətlər şəraitində erməni məhsullarının ixrac imkanlarının genişləndirilməsi ətrafında ikitərəfli işlərin davam etdirilməsi və dərinləşdirilməsini vacib sayıblar.
AB tərəfindən Ermənistan hökumətinə büdcə dəstəyi kimi ayrılmış maliyyə vəsaitlərinin əhəmiyyətinə toxunulub. Həmsöhbətlər mövcud gündəliklərin irəli sürülməsi kontekstində yüksək səviyyəli təmasların zəruriliyini vurğulayıblar.
Nazir müavini Vahan Kostanyan ilə mobillik və nəqliyyat baş idarəsinin baş direktor müavini Maya Bakran arasında baş tutan görüş zamanı, digər məsələlərlə yanaşı, cari ilin mayın 5-də İrəvanda keçirilmiş Ermənistan-AB zirvə toplantısının nəticələrinə əsasən əldə olunmuş razılaşmalara və onların həyata keçirilməsinə, xüsusilə “Bağlılıq Tərəfdaşlığı” sənədinin nəqliyyat komponentinin icrasına dair məsələlərə toxunulub.
Bağlılıq sahəsində Ermənistan-AB tərəfdaşlığının dərinləşdirilməsi, dayanıqlı nəqliyyat infrastrukturlarının inkişafı və qarşılıqlı maraq doğuran layihələrin irəli sürülməsi vacib sayılıb.
Həmçinin erməni hava daşıyıcılarının Avropa İttifaqının aviatəhlükəsizlik siyahısından çıxarılması prosesi və bu istiqamətdə əməkdaşlığa dair məsələlər müzakirə olunub.







