
Ermənistandan cari ilin iyunun 1-dən iyulun 19-dək 7654 ton ərik ixrac edilib – bu, 380-dən çox yük maşını deməkdir.
Alınan məlumata görə, bu barədə Ermənistan İqtisadiyyat naziri Gevorq Papoyan “Facebook” səhifəsində yazıb.
“İxracın coğrafiyası çox genişdir, lakin İspaniyaya ixracımız yoxdur, Portuqaliyaya da ixracımız yoxdur, buna görə də təklif edirəm ki, müxalifət mətbuatı bu gün də Portuqaliyaya bir maşın “ixrac edilmiş” əriyi korlasın”- deyə Papoyan yazıb.
Xatırladaq ki, iyulun 20-də Armatmedia Ermənistandan İspaniyaya ixrac edilmiş ərik partiyasının yolda xarab olduğu və satışa yararsız olduğu barədə yazmışdı.
Ermənistan İqtisadiyyat Nazirinin müavini Arman Xocoyan da “Facebook” səhifəsində bu xəbəri təkzib edən yazı paylaşmışdı.
O, Ermənistandan İspaniyaya hələ ərik ixrac edilmədiyini qeyd etmişdi.
Rusiya iyunun 2-dən Ermənistandan çəyirdəkli meyvələrin və üzümün idxalına məhdudiyyətlər tətbiq edir.
Ermənistan hökuməti bu müddət ərzində ixrac bazarlarını diversifikasiya etmək istiqamətində addımlar atıb, bunun nəticəsində erməni məhsullarının Avropa bazarına daxil olmaq imkanı yaranıb.
Ermənistan bu müddət ərzində artıq bəzi məhsulların Avropa Birliyi ölkələrinə ixracını həyata keçirib. Avropa Birliyi həmçinin RF tərəfindən tətbiq edilən məhdudiyyətlər fonunda Ermənistana dəstək olaraq erməni məhsullarının təxminən 80%-nin idxal gömrük rüsumlarını müvəqqəti olaraq ləğv etməyi planlaşdırır.







