“Maariv”: “Knessetdə Erməni Soyqırımının tanınması Bakının ultra-ortodoks partiyalara təzyiqi altında iflasa uğradı”

İsrail hökumətinin Erməni Soyqırımının rəsmi tanınması ilə bağlı qərarı iyunun sonunda yekdilliklə bəyənilsə də, pərdəarxası siyasi və diplomatik mübarizə səbəbindən Knessetdə səsvermə baş tutmayıb.
İsrailin “Maariv” nəşrinin yazdığına görə, prosesin Baş nazirin aparatının birbaşa müdaxiləsi ilə bloklanması barədə qiymətləndirmələrə rəğmən, bu məsələdə əsas rolu Azərbaycan nümayəndələrinin müraciətlərindən sonra Knessetdə hərəkətə keçən ultra-ortodoks partiyalar oynayıb.
“İyunun 28-də İsrail hökuməti xarici işlər naziri Gideon Saarın Erməni soyqırımının rəsmi tanınması haqqında təklifinə yekdilliklə razılıq verib.
Hökumətin qətnaməsində təsbit olunub ki, İsrail Dövləti Osmanlı imperiyasının süqutu dövründə erməni xalqına qarşı törədilmiş soyqırımı tanıyır, həmçinin tarixi həqiqəti təkzib etmək, kiçiltmək və ya təhrif etmək üçün istənilən cəhdi pisləyir.
Hələ qərar təsdiqlənməzdən əvvəl Bakıda bu addıma qarşı olduqlarını aydın şəkildə bildirmişdilər.
“Maariv”ə bəlli olduğu kimi, hökumətin iclasından iki gün əvvəl — iyunun 26-da İsrailin Xarici işlər naziri Gideon Saar və onun azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı olub.
Söhbət zamanı Azərbaycanın Xarici işlər naziri bildirib ki, İsrail tərəfindən Erməni Soyqırımının tanınması Ermənistan və Azərbaycan arasındakı mürəkkəb münasibətlərə zərər vura bilər, eləcə də Prezident Donald Trampın rəhbərliyi ilə ABŞ-ın irəli sürdüyü sülh planının tərkib hissəsi olan ölkələr arasında barışıq səylərini poza bilər.
Məlumatlı mənbələrin bildirdiyinə görə, Bayramov Saara bir mesaj çatdırıb. Mesajda Bakının İsrailin bu addımından narazı olduğu və bu qərarın hökumət səviyyəsində təsdiqlənməməsinə üstünlük verəcəyi qeyd olunub.
Lakin İsrail hökuməti bu xahişə reaksiya verməyib və qərarı etirazsız qəbul edib.
Qərar hökumət tərəfindən bəyənildikdən sonra onun Knessetin təsdiqinə təqdim edilməsi nəzərdə tutulurdu.
Təklif iki dəfə təcili məsələ kimi gündəliyə salınsa da, hər iki dəfə çıxarılıb və nəticədə səsverməyə çıxarılmayıb.
Bu prosesin arxasında “ŞAS” və “Yahadut ha-Tora” ultra-ortodoks partiyaları dayanıb.
“Maariv”in əldə etdiyi məlumatlara görə, hökumət qərarının qəbulundan sonrakı günlərdə Azərbaycanın yəhudi icmasının bir neçə nümayəndəsi, o cümlədən Bakı Sefard İcmasının ravvini Zmir İsayev Knessetin aparıcı ultra-ortodoks deputatları ilə bir sıra görüşlər keçirib.
Bu söhbətlər zamanı iddia edilib ki, qərarın Knessetdə təsdiqlənməsi həm Ermənistan və Azərbaycan arasındakı barışıq səylərinə, həm də İsrail və Azərbaycan arasında son dövrdə əhəmiyyətli dərəcədə möhkəmlənən strateji münasibətlərə zərər vurula bilər.
Azərbaycan yəhudiləri həmçinin İranı tarazlaşdırmaq məsələsində Azərbaycanın İsrail üçün malik olduğu strateji əhəmiyyəti xatırladıblar.
Nəzərə alınıb ki, bu ölkə İslam Respublikası ilə ümumi sərhədə malikdir, Te
l-Əviv və Bakı arasında sıx hərbi-texniki əməkdaşlıq var, eləcə də İsrailə idxal olunan neft və digər enerji ehtiyatlarının 40%-dən çoxu məhz Azərbaycan tərəfindən təmin edilir.
Bu müraciətlərdən sonra Knessetin ultra-ortodoks deputatları səsverməni bloklamaq istiqamətində fəaliyyətə başlayıblar.
Onlar yüksək rütbəli “Likud”çulara bildiriblər ki, məsələ Knessetin plenar iclasının səsverməsinə çıxarılarsa, “ŞAS” və “Yahadut ha-Tora” fraksiyaları əleyhinə səs verəcək və təklif keçməyə bilər.
Paralel olaraq, müxalifətin yüksək vəzifəli nümayəndələri Knessetdə bu qərara qarşı bloklayıcı alyansın yaradılması istiqamətində iş aparıblar.
Baş nazirin müşavirləri parlamentdəki vəziyyəti təhlil edərək o qənaətə gəliblər ki, qərarın təsdiqlənməsi üçün zəmanətli əksəriyyət yoxdur.
Nəticədə Netanyahü məsələni səsverməyə qoymamaq və yalnız hökumətin qərarı ilə kifayətlənmək qərarına gəlib.
Ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı iqamətgahında Fələstin Muxtariyyətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib və Prezident Administrasiyasının bəyanatında Azərbaycanın paytaxtı Şərqi Yerüseliç olmaqla Fələstin dövlətinin qurulmasına dəstəyi vurğulanıb ki, bu da müstəsna və son dərəcə qeyri-adi bir hadisədir.
Bu addım İsrail siyasətinin ünvanına səslənən tənqid siqnalı kimi qəbul edilib.
Bəyanatda həmçinin qeyd olunurdu ki, Azərbaycan fələstinlilərə kömək etməyə, o cümlədən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) vasitəsilə dəstək verməyə davam edir və Fələstin Muxtariyyəti ərazisində orta məktəb tikməyi planlaşdırır.
Tel-Əvivdə hökumətin qərarından sonra yaranan gərginlik fonunda bu bəyanatları diqqətlə izləyiblər. İsraildə Azərbaycanı regionun ən mühüm strateji tərəfdaşlarından biri hesab etməkdə davam edirlər.
İllər ərzində ölkələr arasında hərbi, kəşfiyyat və iqtisadi əməkdaşlıq möhkəmlənib, Azərbaycanın İran sərhədindəki coğrafi mövqeyi isə İsrailin təhlükəsizlik sisteminə xüsusi əhəmiyyət qazandırır.
Erməni Soyqırımının tanınması ətrafında gedən mübarizə tarixi və mənəvi mülahizələri, təhlükəsizlik maraqlarını, regional münasibətləri və Knessetdəki siyasi qüvvələrin tarazlığını birləşdirdi.
Yekunda tanınma Knessetin bəyənməsi olmadan, yalnız hökumət qərarı səviyyəsində təsbit olunmuş olaraq qaldı. Həmin vaxt Azərbaycan səfiri əvvəlcədən planlaşdırılmış məzuniyyətdə idi.
Bundan əlavə, hazırda Bakı və Tel-Əviv arasında heç bir səviyyədə dialoq getmir”.







