
Müdafiə Nazirliyinin Vazgen Sargsyan Hərbi Akademiyası və Milli Müdafiə Tədqiqat Universiteti Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin assosiativ tərəfdaşları oldu.
“Armenpress”-in məlumatına görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan Facebook səhifəsində paylaşım edərək bildirib. Nazir yazıb: “20 iyuldan etibarən Müdafiə Nazirliyinin Vazgen Sargsyan Hərbi Akademiyası və Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universiteti Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin böyük ailəsinə qurumun assosiativ tərəfdaşları kimi qoşulub”.
ER Müdafiə Nazirliyi də mövzu ilə bağlı açıqlama yayıb.
“Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin İcra Akademik Şurasının 11 iyun tarixli təklifinə əsasən, Kollecin Rəhbər Komitəsi 3 iyulda Müdafiə Nazirliyinin Vazgen Sargsyan Hərbi Akademiyasının və Müdafiə Nazirliyinin Vazgen Sargsyan Milli Müdafiə Tədqiqat Universitetinin namizədliklərini yekdilliklə təsdiqləyərək Kollecə assosiativ tərəfdaş statusu verib. Daha sonra məsələ sükut proseduru vasitəsilə Avropa İttifaqı üzv dövlətləri tərəfindən təsdiq üçün təqdim edilib.
Xatırladaq ki, bundan əvvəl, 10-11 iyun tarixlərində Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə Avropa Komissiyasının qərargahında keçirilən Avropa Təhlükəsizlik və Müdafiə Kollecinin İcra Akademik Şurasının iclasında iştirak edib və bu iclasda Müdafiə Nazirliyinin Milli Müdafiə Tədqiqat Universitetinə və Vazgen Sargsyan Hərbi Akademiyasına Kollecin assosiativ tərəfdaşı statusunun verilməsi təklifi müzakirə olunub”, – deyə bəyanatda bildirilir.







