Müsavat: ‘İmzalarımız oğurlanıb’
«Bu il sentyabrın 26-da keçiriləcək referendumda təşviqat qrupunun qeydiyyatdan keçməsi üçün tələb olunandan artıq imza toplanıb».
Bunu Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.
Onun deməsinə görə, hazırda toplanmış 41 mindən çox imza nəzərdən keçirilir. Elə bu gün, avqustun 22-si sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim ediləcəklər.
G.Aslanlı imza toplanması zamanı bir sıra üzvlərinin təzyiqlərə məruz qaldıqlarını deyib: «Belə hallar Tərtərdə, Bərdədə, Gəncədə, Cəlilabadda baş verib. Cəlilabadda imza dolu vərəqlər imza toplayan şəxsin əlindən alınıb. Partiya üzvləri bu şəxsləri təqib edərək getdikləri avtomobili saxlayıblar. Həmin şəxslərdən birini polisə təhvil veriblər. Həmin şəxs göstərişi rayon icra başçısını köməkçisindən aldığını söyləyib. Tərtərdə partiya təşkilatı imzaları toplayıb, partiya təmsilçisi olan şəxs vərəqələri Bakıya gətirmək istədikdə nəzarətdə olduğunu anlayıb. Bunu bir dostu ilə göndərib. Yolda həmin şəxsi saxlayıb fiziki zorakılığa məruz qoyublar».