İctimaiyyət

Hüquqa zidd davranışları dayandırın

Ölkədə baş verən son hüquq pozuntuları ilə bağlı STP-nin mövqeyi

Ölkədə hüquq pozuntularının yeni və sistemli dalğası başlayıb. Xüsusilə ictimai-siyasi fəalların hədəf alındığı bu durum beynəlxalq aləmdə yenə Azərbaycanın imicinə ciddi zərbələr vuracaq. İnsan haqlarına hörmətlə yanaşmayan hökümətlər nəinki dünyada, həm də öz ölkəsində toplum arasında etimadsızlıq doğurur və bunun ciddi fəsadları olur.
Bu fəsadlardan qaçmaq əvəzinə, təəssüf ki, artıq bəzi insan haqları pozuntuları ölümlərlə də müşayiət olunmağa başlayıb. Qanunsuz həbs olunub müvəqqəti saxlama təcridxanasına salınan Mehman Qələndərovun ölümü bu qəbildəndir. Onun intihar etdiyi iddia edilsə də, həbs olunub, cinayət işi açıldığına görə, psixoloji vəziyyətinin sağlam olması təsbit edilmiş bir vətəndaşın hansı səbəblər üzündən intihar etdiyi xeyli suallar doğurur. Eyni zamanda, istintaqı davam edən “vətənə xəyanət” iddialı iş üzrə təqsirləndirilən hərbçilərin bəzilərinin vəfatı və ailələrindən gizlin şəkildə dəfn edilməsi ətrafında müzakirələr səngimir.

Habelə, Azərbaycanda ictimai-siyasi fəalların təməl hüquq və azadlıqlarının kobud şəkildə pozulmasna, ən sadə şəkildə etiraz edən insanlara belə təzyiqlərin artmasına Qərbin aparıcı dövlətlərindən ciddi reaksiyaların olmamasına təəssüf etdiyimizi bildiririk. Ümid edirik ki, demokratik dünya ölkəmizdəki kobud hüquq pozuntularına, Azərbaycanın addım-addım demokratik dəyərlərdən uzaqlaşmasına biganə qalmayacaq.
Eyni zamanda, ölkənin bütün müstəqil Vətəndaş Cəmiyyəti qurumlarını, siyasi partiyaları, azad media nümayəndələrini vətəndaşların hüquqlarının qorunması istiqamətində həmrəyliyə və daha aktiv olmağa dəvət edirik. Vəkillərin az sayda olması, qorxu və təzyiqlərin yaratdığı mənfi nəticələr onların müdafiədən kənarda qalmasına yol açmamalıdır.
Sivil Toplum Platforması olaraq Azərbaycanın hökumət nümayəndələrini ölkəmizdə baş verən bu kimi hüquqa zidd davranışları dayandırmağa çağırırıq.Vətəndaşların gündən-günə ağırlaşan sosial durumunu düzəltmək, iqtisadi çöküşləri önləmək üçün əsaslı təkliflər paketini Vətəndaş cəmiyyəti ilə müzakirə etmək yerinə, insanları damlamaq, ölüm hadisələri ilə müşayiət olunan təzyiqləri artırmaq çıxış yolu deyil. Bu, hamımızın olduğu bir gəmini bilərək batırmaqdır. Çıxış yolumuz hüquqi dövlətdə, Qərbə inteqrasiyanı sürətləndirməkdə və ölkənin dəyəri olan vətəndaşı qorumaqdadır.

Daha çox göstər
Back to top button