Siyasət

Hüquqşünas: “Parlament bizim hüquqlarımzı pozub”

Azərbaycan Milli Məclisi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edib və faktiki olaraq təmsilçilik institutunu ləğv edib. Dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız yaxın qohumu məhkəmədə onun qanuni nümayəndəsi ola bilər. Əvvəllər hüquq səlahiyyəti olan istənilən ölkə vətəndaşı fiziki şəxsin nümayəndəsi ola bilərdi.

“Turan.az” saytına əsasən, bu dəyişiklik oktyabrın 20-də artıq parlamentdə müzakirə olunmuşdu, amma qəbul edilməmişdi. Bundan başqa, həmin vaxt qanuna dəyişikliklərin gələn ilin yazında təkrar müzakirəyə çıxarılacağı elan edilmişdi. Amma qəfildən qərar dəyişdirildi və qısa müzakirələrdən sonra parlamentin son iclasında dəyişiklik qəbul edildi. Dəyişikliklər layihəsinin müəllifləri məhkəmələrdə təmsilçilik institutunun faktiki ləğvinin səbəbi kimi nümayəndələrin peşəkar olmamasını göstərirlər və qarşıya onları peşəkar vəkillərlə əvəz etmək, vəkillik institutunu möhkəmləndirmək məqsədi qoyurlar. Dəyişikliklər bu il dekabrın 1-dən qüvvəyə minəcək.

Hələ parlamentdə ilk müzakirələrdən əvvəl hüquqşünasların əksəriyyəti təmsilçilik institutunun ləğvinə qarşı çıxdılar, bunu ölkənin hüquq sistemində xaos yaranacağı, vətəndaşların isə, vəkillərin sayının məhdud olmasını nəzərə alaraq, faktiki olaraq hüquqi yardımdan məhrum olacağı ilə əsaslandırırdılar. Yeri gəlmişkən, ilk müzakirə zamanı qanuna dəyişiklikləri qəbul etməkdən imtina edərkən parlament məhz buna istinad etmişdi.

Təmsilçilik institutunun ləğvi ictimaiyyətə hansı təsirləri göstərəcək? Bunun vəkillərə və hüquqşünaslara təsiri necə olacaq?

“Azərbaycan Avropa Şurasına üzv 47 ölkə arasında adambaşına düşən vəkil sayına görə sonuncu yerdədir”, deyə vəkil Aqil Layıc Turan-a bildirib. “Ölkədə 905 vəkil olsa da, onların yarıdan çoxu səmərəli fəaliyyətlə məşğul olmur, peşəkarlıqdan uzaqdır və buna görə ədalətli mühakiməyə nail olmağa kömək edə bilmirlər. Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, o, ədalətli mühakimənin səmərəliliyini artıracaq. Amma ədalətli mühakimə təmsilçilərdən asılı deyil. Bu problemi məhkəmələrin təkmilləşdirilməsi yolu ilə həll etmək lazımdır”.

Vəkil qeyd edib ki, təmsilçilik institutunun ləğvinin ən mənfi nəticələrini vətəndaşlar hiss edəcək: “Təmsilçilik institutunun ləğvi vəkillərin üzərinə çox böyük yük düşməsinə səbəb olacaq, onların iş həcmi yüz dəfələrlə artacaq. Təbii ki, işin böyük həcmi onun keyfiyyətini azaldır”.

Layıc qeyd edib ki, qanuna dəyişikliklər “siyasi işləri” aparan vəkillərə təzyiqin güclənməsinə gətirib çıxaracaq: “Siyasi sifarişli işləri aparan vəkilləri istənilən an Vəkillər Kollegiyasından çıxara biləcəklər. Qanun layihəsi qəbul edilənə qədər Kollegiyadan çıxarılan vəkillər nümayəndə kimi hüquqi fəaliyyətlə məşğul ola bilirdilər. Təmsilçilik institutunun ləğvi Vəkillər Kollegiyasından çıxarılmış vəkilləri ümumiyyətlə hüquqi fəaliyyətlə məşğul olmaq imkanından məhrum edəcək və bu da vəkilləri ehtiyatlı mövqe tutmağa vadar edəcək”, deyə vəkil qeyd edib.

Hüquqşünas Samirə Ağayevanın fikrincə, qanuna dəyişikliklərin qəbul edilməsi hüquqşünasların az qala məcburi qaydada Vəkillər Kollegiyasına daxil olması deməkdir ki, bu da, quruma qəbul qaydalarını nəzərə alsaq, onlar üçün, demək olar ki, qeyri-mümkündür: “Tələblərdən biri hüquqşünas kimi üç illik rəsmi iş stajıdır. Məhkəmə təcrübəsi ilə məşğul olan hüquqşünasların əksəriyyəti xidmət müqaviləsi əsasında işləyiblər, bu da Vəkillər Kollegiyasına qəbul zamanı rəsmi staj sayılmır. Təmsilcilik institutunun ləğvindən sonra vəziyyət daha da pisləşəcək, belə ki, hüquqşünaslar ümumiyyətlə təcrübə keçmək imkanından məhrum olurlar. Kollegiyadan çıxarılan hüquqşünasların vəziyyəti daha da pisdir. Onların, demək olar ki, bərpa olunmaq şansı yoxdur. Bu, xüsusən siyasi işlərlə məşğul olan keçmiş vəkillərə aiddir”.

Vəkillər Kollegiyasına daxil olmaq üçün verilən imtahanlar mövzusuna toxunan hüquqşünas qeyd edib ki, imtahan sistemi quruma daxil olmağı, demək olar ki, qeyri-mümkün edib: “Parlament keçid balının 60-dan 40-a endirilməsini müzakirə edirdi. Amma məsələ balda deyil, ikinci turdadır. Dəyişikliklər qəbul edilənə qədər biz təcrübə keçən hüquqşünaslardan ibarət bir qrup şəklində parlamentə öz təkliflərimizi təqdim etdik. Bu təkliflərdə məhz imtahanların ikinci turu – Vəkillər Kollegiyasının Rəyasət Heyəti ilə müsahibə ilə bağlı hissənin dəyişdirilməli olduğunu qeyd etmişdik. Onu ləğv etmək lazımdır, çünki o, bir qayda olaraq, qeyri-obyektiv keçirilir. İmtahan olunan şəxsə hüquq sahəsi ilə əlaqəsi olmayan sualın verildiyi hallar olub, cavab Rəyasət Heyətini qane etmədikdə isə onu Kollegiyaya qəbul etmirdilər”.

Ağayeva qeyd edib ki, qanuna düzəlişlərin qəbulu ilə hüquqşünasların peşə fəaliyyəti ilə məşğul olmaq hüququ pozulub: “Vəkillər Kollegiyasına daxil olmaq istəmirəmsə, yenə də öz fəaliyyətimlə məşğul olmaq hüququm var. Təmsilçilik institutunun ləğvi ilə parlament hüquqşünasların hüquqlarını pozub”.

Hüquqşünas qeyd edib ki, qanun layihəsinin qəbulunun ən mənfi nəticələrini vətəndaşlar hiss edəcəklər: “Hüquqşünaslar məhkəmələrdə vətəndaşları cüzi, tamamilə formal ödəniş müqabilində təmsil edirdilər, ya da bunu tamamilə pulsuz edirdilər. Vəkillər, bir qayda olaraq, bunu etmirlər. Belə ki, müqavilə bağlayırlar, order alırlar və yalnız bundan sonra məhkəmələrdə çıxış edirlər. Buna görə aztəminatlı ailələr bundan sonra məhkəmələrdə özləri özlərini təmsil etməyə çalışacaqlar. Nəticədə, onların tərtib etdiyi iddia ərizələri mükəmməllikdən uzaq olacaq, qanunlara istinadlar, iddianın hüquqi əsaslandırmaları olmayacaq ki, bu da həmin iddiaların təkrarən verilməsinə səbəb olacaq və bununla da məhkəmələrin işini artıracaq”.

Hüquqşünasın sözlərinə görə, qanuna dəyişikliklər hüquq səlahiyyəti olmayan tənha vətəndaşlara zərbə vuracaq: “Yeni qanun layihəsinə əsasən, yalnız yaxın qohumlar və ya vəkillər nümayəndə ola bilər. Yaxın qohumlar dairəsinə həyat yoldaşları, valideynlər, öladlar, bacı və qardaşlar daxildir. Tənha, kimsəsiz hüquq səlahiyyəti olmayan, həmçinin vəkil dəvət etmək imkanı da olmayan insanlar var. Bu halda insan hüquqi müdafiədən məhrum qalacaq”.

Hüquqşünasın fikrincə, təmsilçilik institutunun ləğvinin səbəbi hakimiyyətin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətləri məhdudlaşdırmaq niyyətidir. “Siyavuş Novruzovun təmsilçilərin beynəlxalq qurumlara müraciət edən müştəriləri itirmək istəməməsi haqqında sonuncu bəyanatı bunun öz müştərilərinin adından Avropa Məhkəməsinə müraciət edən hüquqşünasları cəzalandırmaq üçün edildiyini göstərir. Bu, cəza tədbiridir”, deyə S.Ağayeva bildirib.

Daha çox göstər
Back to top button