İctimaiyyət

Ağdaş sakini özünü yandırıb

1news.az  Lent.az-a istinadən xəbər verir ki, Ağdaşın mərkəzi bazarının qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb.

Səbəb isə H.Söhbətovun 10 LS 956 dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobilini mülkiyyət hüququ olmadan etibarnaməsiz idarə etməsi olub.

Belə ki, avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğu üçün nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Ağdaş rayon Məhkəməsi qərar qəbul edib. Yol polisi əməkdaşları da məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyib.

H.Söhbətov yeni aldığı avtomobillə qayda pozduğuna görə bu günlərdə 109 manat cərimə ödədiyini, nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını əsas gətirərək, polis əməkdaşlarına müqavimət göstərib.

35 yaşlı sürücü polis əməkdaşlarının gözü qarşısında özünə od vuraraq yandırıb.

Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməyi ilə xəstəxanaya aparılıb.

Ağdaş rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, hazırda intihara cəhd edən şəxsin həyatı üçün təhlükə yoxdur.

Daha çox göstər
Back to top button