Siyasət
Müsavatçıları kütləvi şəkildə polisə çağırırlar

Müsavat Partiyasının aparat rəhbəri Gülağa Aslanlı martın 6-da Binəqədi Rayon Polis İdarəsinin 7-ci bölməsinə çağırılıb. O bildirib ki, söhbət hədə-qorxu şəraitində keçib.
“Mənə dedilər ki, partiyanın haradan maliyyələşdirilməsi onlara məlumdur. Mən də dedim ki, əgər məlumdursa faktları ortaya qoysunlar”, – G.Aslanlı bildirib.
G.Aslanlının sözlərinə görə, martın 6-da partiyanın rayon təşkilatlarının 20-yə yaxın rəhbəri müxtəlif polis bölmələrinə çağırılıb.
Axşama yaxın onları buraxıblar.
Polisə çağırışlar martın 7-də də davam edib.
Partiyanın Sumqayıt təşkilatının rəhbəri Fəxrəddin Abbasov polisə çağırılıb.
Partiyada hesab edirlər ki, bununla da martın 10-na təyin edilən mitinqi pozmaq üçün Müsavat Partiyasının fəallarına təzyiq göstərirlər.







