İctimaiyyət

“Bakı-Tbilisi-Qars” avantürası

Azərbaycan hakimiyyəti həm də “ilk” lərə imza atmaqla tarixə düşəcək. Məsələn, hansısa məktəb binasının, idman kompleksinin, müəssisənin qırmızı lentini kəsib, sonra həmin məkanlarda tikinti işi aparmaq Azərbaycanda adi hala çevrilib. Başqa ölkələrdə hansısa məkanın qırmızı lenti kəsiləndə həmin məkan istifadəyə veriilir. Bizdə isə açılış mərasimindən sonra həqiqi açılışı illərlə gözləməli olursan. Dəfələrlə olub ki, ölkə başçısına arxası bərbad, qarşısı abad məktəblərin lentini kəsdiriblər.

Amma bu “ənənə“nin ən bariz nümunəsi AzTv-dən dünyaya səs salmış Bakı-Tbilisi- Qars dəmiryoluyla bağlıdır. Bildiyiniz kimi ötən ilin oktyabrında ölkə başçısının da iştirakıyla Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı oldu, hətta nə qədər qazanc gətirəcəyi ilə bağlı da məlumatlar verildi. Qeyd edək ki, layihənin maliyyələşməsinə təkcə ARDNF 800 milyon dollardan artıq vəsait ödəyib. Ümumilikdə 10 il müddətində 1 milyard dollardan artıq vəsait xərclənib.

Amma görünən budur ki, dəmiryolunun aqibəti yaxşı olmayıb. Yəni, lentini kəssələr də, bəxtini aça bilməyiblər. Ümumilkdə 1 miyard dollardan artıq pul xərclənsə də, işlər başa çatmayıb. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov məlumat verib. Bəli, məlum layihənin taleyi Molla Nəsrəddinin boclu olduğu adama verdiyi təsəllini xatırladır. Məlum olur ki, tətənəli açılışı olsa da layihənin işə düşməsi bir neçə ildən sonra mümkün olacaq. Həm yolun çəkilməmiş hissəsi var, həm rabitə sistemi yarımçıqdı, həm işarələnmə– siqnalizasiya sistemi başa çatmayıb, həm Gürcüstan tərəfdə axsamalar qalıb, yol ötürücüləri tam quraşdırılmayıb və.s. Ən əsası isə “maşın”ın tam gücüylə işləməsi üçün yük tapmaq lazımdı.

Müxtəsər, layihənin qırmızı lentini kəssələr də, üzünü ağarda bilməyiblər. Külli miqdarda pul yeyilib, üstündən su içilib, amma iş başa çatmayıb. Hökumətimizin “qara əməlləri” qırmızı lentdən tünd olub. Yəqin ki, bu gedişlə “Bakı-Tbilisi-Qars” ın lentini çox kəsəcəklər. Görünən budur ki, bu layihənin taleyi də Qarabağın taleyinə oxşayır. Yəni, orda danışıqlar, burda açılışlar nəticə vermir. “Azadliq.info” saytına əsasən, bu barədə Samir yazıb.

Xatırladaq ki, ötən il, İsveç polisi “Bombardier” korporasiyasının işçisini korrupsiyada şübhəli bilərək saxlamışdı, bir neçə nəfər isə Azərbaycanın dəmir yolu müqaviləsi ilə əlaqədar sorğuya cəlb edilmişdi. Söhbət Qars-Bakı dəhlizi üzrə 46 stansiya üçün dəmir yolu siqnalizasiyaların alınmasından gedirdi. İsveç Polisinin araşdırmalarından bəlli oldu ki, alınan avadanlıqların yekun dəyəri 5.5 dəfə şişirdilib və nəticədə 85 milyon pul yeyilib.

Daha çox göstər
Back to top button