İctimaiyyət

Azərbaycanda bəzi istifadəçilər sosial mediada öz üzərində basqı hiss edirlər

Sosial media fəalı, bloger və köşə yazarı Cavid Ağa Amerikanın Səsinə müsahibəsində Azərbaycanda sosial mediada tolerantlıq, davranış və ifadə azadlığı, saxta xəbərlər və trollar haqda danışıb.

“Sosial mediadan Azərbaycanda tribuna kimi istifadə olunur, çünki insanlar ictimaiyyətə çıxışlarının ən asan yolunu bunda görürlər. Adicə kafedə yaşadıqları bir problemdən tutmuş ölkə miqyasında son Keşikçi dağ kimi problemlərə qədər hər bir şey barədə fikirlərini ən asan burada ifadə edə bilərlər deyə, sosial mediadan da ən əsas buna görə istifadə edirlər. Yəni, onlar üçün fikirlərini azad ifadə etmək üçün ən əsas yoldur.”

Cavid Ağa bildirib ki, gənc fəallar sosial mediada ifadə azadlığına maksimum imkan verilməsinə çalışır. “Biz çalışırıq ki, bu sərhədləri aşaq və ifadə azadlığına maksimum imkan verək, çünki sosial mediada insan nə qədər azad olsa, fiziki həyatda, real həyatda da özünü azad hiss edir.”

Cavid Ağa azərbaycanlı istifadəçilərin sosial mediada qeyri-tolerant münasibət göstərdiyi bir sıra mövzuların mövcud olduğunu deyib. “Adicə bir insan, bir qadın deyir ki, `mən evlənmirəm` və yaxud da `mən uşaq sahibi olmaq istəmirəm`. Bu barədə insanlar artıq deyirlər ki, `bitdi, bizim dünyamız ələ keçirilir, adət-ənənələrimiz bitdi`.

Onun sözlərinə görə, patriarxal cəmiyyətdə dəyərlərin belə müdafiəsi qeyri-tolerant münasibətin yaranmasına gətirib çıxarır.

“Bunların hamısı konspiralogiyalarla bağlıdır və tolerantlığa mütləq bunun dəxli var. Hamısı birlikdə qeyri-tolerantlığa xidmət edir. Bu konspiralogiyalar deyir ki, `biz əslində patriarxatın gücünü qorumalıyıq, adət-ənənələr, bizim ailə strukturumuz dağılır, hamı bir yerdən bizə təcavüz eləməyə çalışır, fikrimizi dəyişməyə çalışır.` Halbuki belə bir vəziyyət yoxdur…Narahat olmamalı olduqları şeylər barədə narahat olurlar, amma narahat olunmalı olduqları barədə deyirlər ki, elə belə də olmalıdır.”

Cavid Ağa Azərbaycanda sosial media üzərində dövlətin rəsmi nəzarətinin olmadığını deyib. Lakin onun sözlərinə görə, bəzi istifadəçilər sosial mediada fikirlərini açıq ifadə etməkdən çəkinir və “öz üzərində basqı hiss edirlər”.

Sosial mediada trollar haqda danışan Cavid Ağanın sözlərinə görə, Rusiyada “troll fabriki”ndən fərqli olaraq, Azərbaycanda “peşəkar” qaydada belə fəaliyyət göstərilmir.

“Buna hətta mən troll da deyə bilməzdim. Trolluğun da özünün bir səviyyəsi var. Çünki trollar belə o cümlələri öz beyin məhsulları ilə yazırlar,” o bildirib.

Daha çox göstər
Back to top button