İctimaiyyət

Azərbaycanda toplaşmaq azadlığı müntəzəm olaraq pozulur – araşdırma nəticələri

Demokratik Təşəbbüslər İnstitutu 2016-cı il sentyabrın 1-dən 2019-cu il mayın 1-nə qədər toplaşmaq azadlığı ilə bağlı vəziyyəti tədqiq edib.

“Turan” informasiya agentliyinin məlumatına əsasən, araşdırma müəllifləri KİV-lərdə, sosial şəbəkələrdə yer alan məlumatlar, siyasi partiyaların və səlahiyyətli orqanların yaydığı məlumatlar əsasında toplaşmaq azadlığına müdaxilə faktlarını təhlil ediblər.

Hakimiyyətin aksiyalara, o cümlədən qapalı məkanlarda, siyasi, sosial, bayram və xüsusi günlərlə bağlı aksiyalara müdaxilə faktları qeydə alınıb. Ən çox siyasi tələblərlə keçirilən aksiyalara müdaxilə olub.

Aksiya iştirakçıları çox vaxt inzibati məsuliyyətə cəlb edilib. Hakimiyyət beynəlxalq təşkilatların bu məsələ ilə bağlı tövsiyələrini yerinə yetirməkdən yayınır.

Xüsusən, beynəlxalq qurumlar təsadüfi toplantılar istisna olmaqla, polisə qabaqcadan yazılı xəbərdarlıq verilməyən bütün toplantıları dayandırmaq mütləq səlahiyyəti verən qanun maddəsinin ləğv edilməsini təklif ediblər.

Araşdırma nəticələrinə əsasən, müəlliflər aşağıdakı tövsiyələri irəli sürüblər:

Qanunvericilikdə zorakı olmayan toplantı keçirməyə və toplantılarda iştirak etməyə görə İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsi və Cinayət Məcəlləsinin 169.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətlər ləğv edilməlidir.

Bununla yanaşı, qanunvericilikdə əks olunmuş müdaxilə əsasları dəqiqləşdirilməlidir. Toplaşmaq azadlığı ən az digər hüquqlar qədər əhəmiyyətli fundamental hüquqdur.

Həmçinin, vətəndaşların toplantılarda iştiraka görə polisə çağırılması və onların işlədiyi və təhsil aldığı yerlərə məktub göndərilməsi praktikasına, polisə tabe olmamağa görə inzibati həbslər təcrübəsinə son qoyulmalıdır.

Polis əməkdaşları jurnalistlərin fəaliyyətinə, foto və video çəkilişlər aparmasına mane olmamalı, avadanlıqları əllərindən alınmamalıdır, deyə araşdırmada bildirilir.

Xatırladaq ki, rəsmi Bakı toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı tənqidi təkzib edir.

Daha çox göstər
Back to top button