İctimaiyyət

Dünyanın ən təhlükəli xəstəliyi – Azərbaycanda dörd ildə 3,2 dəfə artıb

Dünyada ən təhlükəli xəstəliklərdən biri də çoxsaylı mielomadır. Çoxsaylı mieloma limfositlərin erkən sələfləri səviyyəsində olan hüceyrələrin şiş xəstəliyidir. Bu xəstəlik, eyni zamanda, limfoprolivativ xəstəliklər qrupuna aid edilir.

Xəstəliyin rast gəlinmə tezliyi ölkə, irq və cinsiyyətə bağlıdır. Çoxsaylı mieloma bütün şişlərin 0,8 faizini təşkil edir.

Çoxsaylı mieloma sağalmaz mürəkkəb patologiya olaraq qalır və buna görə də müalicənin əsas məqsədi ümumi sağ qalmanı uzatmaqdır. Bu göstərici ölkədən asılı olaraq dəyişir və ölkədəki tibbi xidmətin keyfiyyətindən asılıdır.

Azərbaycanda bu xəstəliklə bağlı vəziyyətə gəldikdə, 2011-2017-ci illərdə ölkəmizdə bu kateqoriyadan olan 262 xəstə tədqiq edilib. Bu barədə oxu.az məlumat yayıb.

Xəstələrin cinsi, diaqnoz qoyulma vaxtı yaşı, yaşama müddəti, klinik və laboratoriya xüsusiyyətləri tədqiq edilib, eyni zamanda, müalicənin qiymətləndirilməsi aparılıb.

Bu kateqoriyadan olan ən çox xəstə isə 2016-cı ildə qeydə alınıb – 57 xəstə. Bu isə o deməkdir ki, dörd il ərzində (2012-2016) Azərbaycanda çoxsaylı mieloma xəstələrinin sayı 3,2 dəfə artıb.

Azərbaycanda çoxsaylı mieloma ən çox Abşeron iqtisadi-coğrafi rayonunda qeydə alınıb (100 min əhaliyə 4,09 xəstəlik).

Mütəxəssislər hesab edir ki, göstəricinin Abşeronda çox olmasının səbəbi təbii qanunauyğunluqdur. Çünki bu region ekoloji cəhətdən Azərbaycanın ən əlverişsiz ərazisidir.

Qeyd edək ki, Azərbaycanda çoxsaylı mieloma xəstələrinin müalicəsi Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş protokol üzrə aparılır.

Daha çox göstər
Back to top button