İctimaiyyət

Əli Həsənovun həyat yoldaşının məhkəməyə çağırılması vəsatəti qəbul edilməyib

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə “Kaspi Liseyi Ümumtəhsil Məktəbi” MMC-nin baş mühasibi olmuş Tural Məmmədovun və mühasib Fərahim Möhbalıyevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Onlar Prezidentin köməkçisi Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın rəhbərlik etdiyi liseyin Bakıxanov qəsəbəsindəki filialına valideynlərin təhsilhaqqı kimi ödədiyi pullardan 564 min manatı mənimsəməkdə ittiham olunur.

Turan informasiya agentliyi bildirir ki, proses şahidlərin ifadələri ilə davam etdirilib. 2018-ci ilin oktyabrın 1-dən “Kaspi” Təhsil Şirkətində mühasib işləyən Həmidə İsgəndərova bildirib ki, bundan əvvəl Sona Vəliyevanın şəxsi məsələlər üzrə köməkçi vəzifəsində çalışıb.

Vəkil Elçin Sadıqov S.Vəliyevanın T.Məmmədovdan hansı aralıqda pul götürdüyünü və məbləğlər barədə soruşdu. Şahid bu suallara da “xatırlamıram” cavab verdi.

Daha sonra Elçin Sadıqov Sona Vəliyevanı məhkəmə prosesinə əlavə şahid qismində dəvət edilməsi barədə vəsatət qaldırdı. “Heç kəs Sona Vəliyevanın dəqiq nə qədər pul götürdüyünü bilmir. Bunu aydınlaşdırmaq üçün Vəliyevanı əlavə şahid qismində məhkəmədə dindirilməlidir”. Dövlət ittihamçısı və Liseyin nümayəndəsi məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etdi. Yerində müşavirə edərək, məhkəmə vəsatətin təmin edilməməsi barədə qərar qəbul edib.

Bu, təqsirləndirənlərin kəskin etiraza səbəb olub. F.Möhbalıyev aclıq aksiyasını başlayacağını bildirdi.

Vəkillər təqsirlənsirilən şəxslərlə məsləhətləşmək və vəsatətləri hazırlamaq üçün məhkəmə prosesini təxirə salmasını xahiş etdilər.

Məhkəmə bunu nəzərə alaraq, növbəti məhkəmə prosesini sentyabrın 24-ə təyin etdi.

Daha çox göstər
Back to top button