İctimaiyyət

Avropa komissarı: Azərbaycan ifadə azadlığı sahəsində irəliləyişə nail olmayıb”

 Dekabrın 11-də Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Azərbaycanda ifadə azadlığının vəziyyəti, hüquqşünasların hüquqlarının pozulması və məcburi köçkünlərin hüquqlarına dair hesabat dərc edib.

Məruzə Avropa komissarının nümayəndə heyətinin iyulun 8-dən 12-dək Azərbaycanda keçirdiyi görüşlərin əsasında yazılıb.

D.Miyatoviç Azərbaycanda söz azadlığının qorunmasında az irəliləyişin əldə olunmasından təəssüflənir. Onun sözlərinə görə, hökuməti tənqid edən jurnalistlər və sosial şəbəkələrin fəalları mütəmadi olaraq həbs edilirlər. Onlara qarşı polisə müqavimət, xuliqanlıq, pul qoparmaq, vergidən yayınma, etnik, dini nifrət qızışdırma, vətənə xəyanət, narkotik maddə, yaxud silah saxlama ittihamları irəli sürülür.

Komissar Azərbaycan hakimiyyətini öz baxışlarına görə həbs olunan şəxslərin hamısını azadlığa buraxmağa çağırır. Onlarla jurnalistin, vəkilin, siyasi fəalın və insan haqları müdafiəçisinin ölkədən çıxışına qadağa qoyulub. O, hakimiyyəti bu qanunsuz əngəllərdən çəkinməyə çağırıb.

Komissarın ofisi həmçinin Azərbaycan hökumətinin verdiyi şərhləri də yayıb. Hakimiyyətin fikrincə, hesabatdakı bəzi dəyərləndirmələr ölkədə insan haqları ilə bağlı real durumu əks etdirmir, bəzi bəndlər hətta qeyri-dəqiqdir.

D.Miyatoviç hakimiyyəti qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmağa çağırıb.

D.Miyatovic hesabatda Azərbaycanda kəskin vəkil çatışmazlığını qeyd edib,  bunun əsasən paytaxtdan kənarda hiss olunduğunu vurğulayıb. Eyni zamanda göstərilən hüquqi yardımın keyfiyyətindən narahatlığını bildirib.

Komissar bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqəti çəkir, onların əsasən siyasi baxımdan həssas işlərə çıxdıqlarını bildirir.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button