BaşlıcaBeynəlxalq

Human Rights Watch: Hakimiyyət Tofq Yaqublunu dərhal azad etməlidir

Human Rights Watch (HRW) beynəlxalq insan hüquqları təşkilatı Azərbaycanda müxalifətçi siyasətçi Tofiq Yaqublunun həbsini kəskin şəkildə pisləyib.

Təşkilatın 25 mart tarixli bəyanatında deyilir ki, T.Yaqublu hökuməti tənqid etdiyinə görə uydurma “xuliqanlıq” ittihamı ilə həbs olunub.

Turan agentliyinə əsasən, HRW qeyd edir ki, həbs Azərbaycan prezidenti İlham Əliyevin çıxışından bir neçə gün sonra baş verib.

“Əliyevin çıxışından belə görünürdü ki, koronovirus pandemiyası ilə mübarizə üçün nəzərdə tutulmuş metodlardan müxalifətə divan tutulmasında istifadə olunacaq. Bu, hökumətin söz azadlığına, siyasi tənqidçilərinə nifrətinin daha bir narahatedici göstəricisidir”, – bəyanatda deyilir.

“Azərbaycan hökumətinin tənqidçilərinin susdurmaqdan ötrü saxta ittihamlara əl atması kimi çoxdankı bir davranış nümunəsi mövcuddur. Yaqubluya qarşı işi tamamilə bu davranışa uyğundur”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Giorgi Gogia deyib.

T.Yaqublunun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Onu 7 ilədək həbs təhlükəsi gözləyir. Martın 22-də saxlanmazdan öncə T.Yaqublu Facebook-da yazıb ki, təxribatla üzləşib.

“8-ci kilometr bazarı»nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır», –  o yazıb.

HRW qeyd edir ki, məhkəmənin belə abstrakt və əsassız ittihamlarla T.Yaqublunun barəsində həbs qətimkan tədbiri seçməsi Avropa İnsan Hüquqları Konvensiyasında nəzərdə tutulmuş qanunsuz həbsə qarşı təminatı pozur.

Üstəlik, T.Yaqublunun Şüvəlanda təcridxanasına yerləşdirilməsi narahatlıq yaradır. Bu təcridxana həddən artıq dolu olması, natəmizliyi, zəif işıqlandırılması və zəif havalandırma sistemiylə ad çıxarıb. 2017-ci ildə ölkəyə səfərdən sonra Avropa Şurasının İşgəncələrin Qarşısının Alınması üzrə Komitəsi bu təcridxananın “mümkün qədər tez” bağlanmasını tövsiyə edib.

“Human Rights Watch” T.Yaqublunun ilk dəfə həbs olunmadığını, onun mütəmadi saxlandığını, pis rəftara məruz qaldığını, siyasi fəaliyyətini dayandırmaq üçün xəbərdarlıq aldığını qeyd edir.

“Hakimiyyət Yaqublunu dərhal azad etməli, siyasi müxalifətə təzyiqləri dayandırmalı, Azərbaycanda yaşayanların səhhəti ilə məşğul olmalı, medianın öz işini azad və təhlükəsiz görməsinə imkan verməlidir”, – bəyanatda vurğulanır.

Daha çox göstər
Back to top button