BaşlıcaBeynəlxalq

Human Rights Watch və Freedom House Tofiq Yaqublu barədə məhkəmə qərarına münasibət bildirib

Azərbaycan KİV-lərində yer alan məlumata görə, Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı Azərbaycanlı müxalif siyasətçi Tofiq Yaqublu barəsindəki hökmü pisləyib.

“Azərbaycanda ədalətli mühakimənin ələ salınmasının daha bir nümunəsi uydurma “xuliqanlıq” ittihamı ilə dörd il üç ay müddətinə azadlıqdan məhrum edilən ölkənin azsaylı alternativ siyasi səslərindən biri Tofiq Yaqublu barəsindəki hökm oldu.

Hökm gözlənilməz deyildi və Azərbaycan hakimiyyətinin qanunun aliliyini pozmağa və hökumətin tənqidçilərini susdurmağa nə dərəcədə hazır olduğunu nümayiş etdirir”, deyə HRW-nin departament direktoru Giorgi Gogia bildirib.

“Yaqublunun həbsi hökumətin öz tənqidçilərini həbsə atmaq üzrə amansız kampaniyası çərçivəsində sonuncu addım oldu. Son bir neçə ay ərzində hakimiyyət müxalif partiyaların onlarla sıravi üzvünü və yüksək vəzifəli müxalif siyasətçini həbs edib, saxlayıb və hədələyib”, deyə HRW qeyd edir.

“Tofiq Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir”, bu barədə Freedom House-un bəyanatında deyilir.

“Yaqublunun işi hökumət tənqidçilərinə qarşı gücləndirilmiş bir təzyiqin və hakimiyyətin söz azadlığına, qanunun aliliyinə açıq şəkildə məhəl qoymadığının göstəricisidir. Azərbaycan hakimiyyəti COVİD-19 pandemiyadan və bununla əlaqəli məhdudiyyətlərdən müxalifləri susdurmaq və təqib etmək üçün bir fürsət kimi açıq şəkildə istifadə edir. Yaqublu və siyasi motivli ittihamlarla həbs olunan digər onlarla vətəndaş sərbəst buraxılmalı və onlara qarşı ittihamlar ləğv edilməlidir”, deyə Freedom House-un Avropa və Avrasiya üzrə proqram direktor Mark Berendt bildirib.

Azərbaycan “Qeyri-azad ölkə” reytinqinə malikdir və möhkəmlənmiş avtoritar rejim kimi təsnif edilir.

Daha çox göstər
Back to top button