BaşlıcaEkonomika

SOCAR-da kütləvi ixtisarlar gözlənilir

“54 yaşım var, 10 ildən artıqdır SOCAR-da çilingər işləyirəm. İndi mənə bildiriş gəlib ki, ixtisar olunacam. Guya ki, imtahanda yetərli bal yığmamışam. Bu yaşımdan sonra kim mənə iş verəcək? Tikinti şirkətləri yaşlılarla işləmək istəmir”.

Bunu Dövlət Neft Şirkətinin adının çəkilməsini istəməyən əməkdaşı “Meydan.tv”-ə deyib.

Şikayətçinin sözlərinə görə, onun kimi onlarla işçiyə bildiriş verilib, kütləvi ixtisarlar olacağı deyilib. Buna görə də çoxu şöbə rəislərinin, rəhbər işçilərin kabineti qarşısında növbə gözləyir, işdə saxlanılmaq üçün yollar axtarırlar: “İmtahanda texnikə, mühəndisə verilməli olan suallar salınmışdı. Evdə uşaqlar sualların cavablarını internetdə axtardılar, bu suallar dövlət imtahanlarına salınır. Elə vəziyyət yaranıb ki, heç birimiz qorxudan şikayət edə bilmirik ki, ilk işdən çıxarılan olmayaq. Hamının əli ürəyinin üstündə qalıb”.

İşçilərdən biri isə yazıb ki, 60 yaşındadır, 40 illik iş stajı var, pensiyaya çıxmağına az qalıb. 67 bal toplayaraq ixtisara düşüb.

“Bu halda SOCAR tərəfindən həm ölkənin əmək qanunvericiliyi, həm də Operativ Qərargahın sərt karantinlə əlaqadar qoyduğu qadağalar pozulub”, – Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı belə deyib.

Hüquq müdafiəçisi söyləyib ki, imtahanlar Əmək Məcəlləsinə ziddir və imtahanın nəticələrini əsas götürərək işçinin işdən çıxarılması yolverilməzdir.

Mirvari Qəhrəmanlı əlavə edib ki, imtahanların nəticələrinə görə işdən çıxarılanlar məhkəməyə müraciət edə, hüquqlarının təmin olunmasına nail ola bilərlər:

“Şirkətdə daha çox çilingər, fəhlə, operator kimi işçilər ixtisara salınır. Bildiriş verilən fəhlələr arasında yüksək vəzifədə oturanların qohum-əqrabası yoxdur. İmtahanda çilingərə elə sual veriblər ki, mən onu institutda keçmişəm. İşçilər stress keçirirlər. Hətta bir nəfərin stresdən öldüyü bildirilir. Neçə aylardır işçini belə həyəcanda saxlayırlar. İmtahan keçirilirsə, işçinin işinə aid suallar verilsin”.

Daha çox göstər
Back to top button