BaşlıcaBeynəlxalq

Azərbaycan interneti bloklayan 29 ölkə siyahısında

Access Now və #KeepItOn Coalition qeyri-mənfəət saytları 2020-ci ildə ölkələr boyunca internetə girişin əngəllənməsinə dair hesabat açıqlayıb. Məlumatı azadliq.org yayıb.

Qeyd olunur ki, sözü gedən təşkilatlar 2020-ci ildə 29 ölkədə internetin azı 155 dəfə bağlanmasını qeydə alıblar.

Hesabatda deyilir ki, bu hərəkətlərin nəticəsində yüz milyonlarla insan COVID-19 pandemiyası, həyati əhəmiyyət daşıyan başqa informasiyalardan, habelə təhsil və iş imkanlarından məhrum edilib.

Hesabatda vurğulanır ki, bu il internetin rekord sayda bloklanması zorakılıqlar, ələxüsus da münaqişə zonalarında davam edən hərbi əməliyyatlarla bağlı olub.

Qeyd olunur ki, avtoritar rejimlər interneti əsasən etirazları susdurmaq, seçkiləri saxtalaşdırmaq, insan haqları pozuntularını gizlətmək və senzura tətbiq etmək məqsədilə bağlayıblar.

Hesabatda vurğulanır ki, avtoritar rejimlər internetə məhdudiyyət qoyarkən qlobal pandemiyanın mövcudluğuna məhəl qoymayıblar.

Sənəddə bildirilir ki, 2020-ci ildə internetə girişdən məhrum edilənlər artıq bundan əvvəl də hakimiyyətlərin repressiyalarına, zorakılıq və qanunsuzluqlarına məruz qalırdılar.

Hesabatda bildirilir ki, 2020-ci ildə müxtəlif ölkələrdə internetin 28 tam qapanması baş verib və hökumətlər eyni zamanda çoxkanallı və mobil internet bağlantısını da kəsiblər.

Bu da deyilir ki, 2020-ci ildə Belarus, Azərbaycan, İraq, İran və İordaniya azı bir şəhəri internetdən tamamilə məhrum ediblər.

Hesabatda Azərbaycanda internetin Qarabağ münaqişəsi dövründə məhdudlaşdırıldığına işarə edilir.

İddia edilir ki, Keniya, Azərbaycan və Tanzaniyada internetin bloklanmasında İsrailin Allot şirkətinin texnologiyasından istifadə olunub.

Daha çox göstər
Back to top button