
Müharibədən sonra Ermənistan Prezidenti Armen Sargsyan Rusiyada saxlanılan və sovet dövründə Ermənistan və Azərbaycanın sərhədlərini göstərən xəritələrlə bağlı Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb. Bu barədə məlumatı RBK-yə müsahibəsində ER Prezidenti Armen Sargsyan “Valday” klubunun XVIII sessiyası zamanı Putinin bəyanatını şərh edərkən bildirib.
Daha əvvəl Vladimir Putin bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında Sovet İttifaqı dövründə sovet respublikaları arasında sərhədlərin harada keçdiyini göstərən xəritələr var.
“Onların harada saxlandığını bilmirdim. Əgər Baş Qərargahdadırsa, deməli, Baş Qərargahda”, – Sargsyan bildirib.
O, hərbi əməliyyatların dayandırılmasından dərhal sonra xüsusilə Azərbaycan hərbçilərinin yaxınlaşdığı yaşayış məntəqələrində və bir hissəsinin Azərbaycanın nəzarətinə keçən “Sotk” məndənində sərhəd problemlərinin başladığını vurğulayıb.
“Mən o zaman Vladimir Vladimiroviçə yazdım, çünki Azərbaycan tərəfi “Google Maps” və ya başqa bir şeydən istifadə edirdi. Mən riyaziyyat və proqramlaşdırmanı bilirəm, istədiyiniz yerə Dilicanın xəritəsini çəkə bilərəm. Bunlar virtual xəritələrdir, amma real xəritələr var. Bizim həm Rusiya imperiyası, həm də Sovet İttifaqı ilə ortaq tariximiz var”, – deyə o qeyd edib.
ER prezidenti əlavə edib ki, 1984-cü ildə Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı Rusiyada başqa sənədlər də var. Sargsyan hesab edir ki, sərhəd məsələsini Rusiyasız həll etmək mümkün deyil.







