Azərbaycanın hərbi prokuroru orduda kütləvi işgəncə faktını etiraf edib, ancaq erməniləri günahlandırıb

Bu gün uzun müddətdən sonra ilk dəfə olaraq Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Tərtər işi” ilə bağlı açıqlama verib. “Tərtər işi” 2017-ci ilin may-iyun aylarında Azərbaycan ordusunda yüzlərlə hərbçinin dövlətə xəyanətdə şübhəli bilinərək işgəncələrə məruz qalması, nəticədə 11 hərbçinin həlak olması faktı təsdiqləyir.
Haqqin.az-ın məlumatına görə, Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluqda aparılan araşdırmalar zamanı məlum olub ki, istintaqdan əvvəl bir neçə gün ərzində Hərbi Prokurorluq tərəfindən dövlətə xəyanətdə şübhəli bilinən şəxslərə qarşı fiziki zorakılıq tətbiq edilib “Nəticədə biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi.
Şəxsən özüm, eləcə də hərbi prokurorun müavini, istintaq üzrə kurator Şəfahət İmranov, bundan başqa Baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov həmin hərbi hissəyə getdik. Mən müəyyən etdim ki, doğrudan da kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib. Ona görə dərhal cinayət işi başladıldı. Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi.
Oradakı şəxsləri müayinə etdi və hansı şəxslərin hansı dərəcədə müalicə ehtiyacı olduğunu müəyyənləşdirdi. Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu. Həmin iş üzrə 16 nəfər müxtəlif vəzifəli şəxslər cinayət məsuliyyətinə alındı, sonra məhkəmə məsuliyyətinə verildi və barələrində müxtəlif uzunmüddətli hökm qərarı qəbul olundu. Onlar da hökmlərdən şikayət verdilər. Lakin nə apelyasiya, nə də kassasiya məhkəməsi həmin şikayətləri qəbul etdi. Hesab etdi ki, istintaq orqanları onlara istinad olunan ittihamları əsaslı və qanuni verib. Hökmlər qüvvəsində saxlanıldı”.
X.Vəliyev bu işlə bağlı sosial şəbəkələrdə və “YouTube” kanallarında gedən müzakirələrə də münasibət bildirib. Müzakirələri əsasən Londonda yaşayan hüquqşünas Qurban Məmmədov təşkil edir: “Qurban Məmmədov və onun kimiləri bu gün də ermənilərin maşasıdır. Çox təəssüf edirəm ki, belə insanlar bizim millətdəndir. Qurban Məmmədov kimiləri başa düşmür ki, onların deməkləri ilə deyil. Qurban Məmmədov özü hüquqşünasdır. Çox gözəl bilir ki, hər bir ölkədə o cümlədən müasir qanunvericiliyə malik olan Azərbaycanda hər şey qanunla həll olunur. “Tərtər işi” ilə bağlı cinayət işi başlanıldı, istintaq aparıldı, təqsirli hesab olunan şəxslər məhkəmə məsuliyyətinə verildi və Azərbaycanda mövcud olan bütün məhkəmə mərhələləri üzrə bu işlər araşdırılıb. Daha sonra belə qərara alınıb ki, doğurdan da istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə qanunsuz işgəncə verilən şəxslər haqqında çıxarılmış hökmlər qanunidir”.







