Başlıcaİctimaiyyət

Toplum TV-nin Facebook səhifəsinə dağıdıcı haker hücumu baş verib

3 noyabr 2021-ci ildə Toplum TV-nin Facebook səhifəsinə dağıdıcı haker hücumu baş verib. Bu barədə Media Hüququ İnstitutunun (MHİ) açıqlamasında deyilir.

Toplum TV-nin qurucusu, media hüququ eksperti Ələsgər Məmmədlinin verdiyi xəbərə əsasən kimliyi bəlli olmayan cinayətkarlar bu məqsədlə onun mobil telefonuna haker basqını edib FB hesabına soxulublar. Baş vermiş bu cinayətkar hücumun əsas məqsədi Toplum TV-nin FB səhifəsini ələ keçirmək olub. 

Qeyd olunur ki, mobil telefona, kompüterə belə apaçıq, maneəsiz soxulmanı telekommunikasiya xidmətləri göstərən qurumların əlbirliyi olmadan etmək çox çətindir. Üstəlik, arsız davranış sərgiləyən bu cinayətkarlar cəzasız qalacaqlarına, qorunma altında olduqlarına tam arxayın olduqlarını göstəriblər. Əks halda hökumətin ölkədə telekommunikasiya güvənliyinə məsul qurumlarının, xüsusi xidmət orqanlarının asanlıqla tapıb üzə çıxara biləcəyi bu cinayəti belə çəkinmədən, meydan oxuyucu tövrlə etməzdilər. 

Toplum TV-nin FB səhifəsinə soxulanlar tanınmış jurnalist Şəmşad Ağanın təqdimatında “Toplumda Debat” verilişinin müxalif AXCP və Musavat Partiyaları rəhbərləri ilə olan canlı müzakirələrinin videoları siliblər. Üstəlik, Toplum TV-nin işinə zərər vurmaq üçün onun FB səhifəsindən bir neçə min bəyənişi də ləğv ediblər.

“Baş verən müdaxilə ifadə azadlığına, şəxsi həyatın gizliliyinə, fərdi məlumatların təhlükəsizliyinə kobud müdaxilədir və cinayət əməlidir. İnformasiya təhlükəsizliyi ilə bağlı məsul rəsmi qurumların bununla bağlı ciddi araşdırmasını və zəruri tədbir görməsini tələb edirəm”, – deyə Ələsgər Məmmədli bəyan edib.

Daha çox göstər
Back to top button