
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emanuel Makron Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında vəziyyəti müzakirə ediblər.
“Rusiya, Vladimir Putinin qeyd etdiyi kimi, vəziyyəti sabitləşdirməyə və Rusiya vasitəsilə əldə edilmiş üçtərəfli razılaşmaları ardıcıl şəkildə həyata keçirməyə kömək edəcək addımlar atmağa davam edəcəkdir” – deyə Kremlin bəyanatında qeyd olunub.
Həmsöhbətlər Belarus və AB ölkələri ilə sərhəddəki vəziyyətə də toxunublar. RF Prezidenti xüsusilə Polşa sərhədçilərinin qaçqınlara qarşı son dərəcə sərt rəftarına diqqəti cəmləşdirib.
Belarus Brezidenti Aleksandr Lukaşenko ilə miqrasiya böhranı ilə bağlı təmasları barədə məlumat verən Vladimir Putin məsələlərlə bağlı AB ölkələri ilə Belarus liderləri arasında birbaşa müzakirənin məqsədəuyğun olduğunu vurğulayıb.
Hər iki tərəf Ukraynadaxili münaqişənin həllində irəliləyişin olmamasından narazılığını bildirib. Bildirilib ki, Donbas ətrafında vəziyyət daha da pisləşir.
Bu kontekstdə Vladimir Putin ABŞ və onun bir sıra müttəfiqlərinin Qara dənizdə keçirdiyi irimiqyaslı hərbi təlimlərin Rusiya ilə NATO arasında gərginliyi artıran təxribat xarakterli olmasına diqqəti cəlb edib.
RF Prezidenti həmçinin vurğulayıb ki, Kiyev Minsk razılaşmalarını pozmağa yönəlmiş destruktiv siyasətini davam etdirir.
Bunu Ukrayna silahlı qüvvələrinin münaqişə zonasında son vaxtlar pilotsuz uçan aparatlardan istifadə etməsi isbat edir.







