BaşlıcaSiyasət

Birgə bəyanat yayılıb

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşünün yekunları ilə bağlı birgə üçtərəfli bəyanat yayıblar.

Birgə bəyanatda deyilir:

“Biz, Ermənistan Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara son verən 9 noyabr 2020-ci il və regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ilə bağlı 11 yanvar 2021-ci il bəyanatlarının icrasının gedişatını müzakirə etdik.

Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik. 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.

Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.

Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik.

2021-ci il 11 yanvar tarixli Bəyanata müvafiq olaraq, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirlərinin müavinlərinin və Rusiya Federasiyası hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun fəaliyyətini yüksək qiymətləndirdik. Regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğuladıq.

Rusiya Federasiyası Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşması, Azərbaycan və erməni xalqları arasında etimad mühitinin formalaşması, habelə regionda mehriban qonşuluq münasibətlərinin bərqərar olması məqsədilə bundan sonra da zəruri olan hər cür köməyi göstərəcək”.

Daha çox göstər
Back to top button