Başlıcaİctimaiyyət

Azərbaycanda siyasi məhbus Saleh Rüstəmovu müdafiə aksiyası keçirilə bilər

Bakı Şəhər İcra Hakimiyyətinə dekabrın 1-də Bakının mərkəzində siyasi məhbus Saleh Rüstəmovun azad edilməsi tələbi ilə etiraz aksiyası keçirilməsi niyyəti haqqında bildiriş göndərilib. Turan yazır ki, müraciət gənc fəallar İlkin Rüstəmzadə və Mete Türksoy adından göndərilib.

“Saleh Rüstəmov 25 gündür aclıq edir. Onun həyatı təhlükədədir. Biz Saleh Rüstəmovun azad edilməsi tələbi ilə dinc mitinq keçirmək hüququmuzdan istifadə etmək qərarına gəldik. İcra hakimiyyətinə mitinq iştirakçılarının təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət göndərdik”, deyə Rüstəmzadə Turan agentliyinə bildirib.

Qeyd edək ki, Siyasi Məhbuslar Monitorinq Mərkəzi də öz bəyanatında Gədəbəy rayonunun keçmiş İcra Hakimiyyəti başçısı Saleh Rüstəmovu azad etməyi və ölkədə repressiyalara son qoymağı tələb edib.

“Ədliyyə sistemində özbaşınalıq davam edir və artır. Qanunsuz həbslər, saxta ittihamlar, sifarişli hökmlər, işgəncələr – bütün bunlar hakimiyyət tənqidçilərinə qarşı siyasətin alətləridir.

Cəmiyyətin bütün təbəqələrində – müxalifətçilər, dindarlar, vətəndaş fəalları, keçmiş məmurlar arasında istənilən fərqlli düşüncə təzahürü sərt cəzalandırılır.

Saleh Rüstəmov qanunsuz hökmə qarşı sonuncu etiraz vasitəsinə – aclığa əl atıb”, deyə təşkilatın bəyanatında qeyd edilir. Təşkilat Rüstəmovu dərhal azad etməyi tələb edir.

Daha çox göstər
Back to top button