
Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilən “Demokratiya naminə” onlayn konfransda çıxış edib.
“Mən bu gün Demokratiya Sammitində Ermənistan Respublikasını təmsil etmək şərəfinə nail oldum”,-deyə Paşinyan bildirib ki, son üç ildə ermənilər iki dəfə demokratiyanı avtoritarizmdən üstün tutublar. Birincisi 2018-ci ildə baş verdi, qeyri-zorakı, məxmər inqilabı, ardınca azad və ədalətli növbədənkənar seçkilər. İkincisi dağıdıcı müharibədən sonra 2021-ci ildə baş verdi.
“Ermənilər yenidən seçkiyə getdilər ki, biz keçmiş yollara qayıtmayaq. Həqiqətən də, demokratiya daim davam edən bir işdir. Biz Ermənistanda demokratik institutların gücləndirilməsi yolu ilə demokratiyanın gücləndirilməsinə sadiqik”,-deyə Baş nazir vurğuladı.
O həmçinin demokratiyanı gücləndirmək səylərində bir çox problemlərlə üzləşdiyini qeyd etdi: “Bizim üçün ən böyük problem təhlükəsizliyimizə hərbi təhdidlərdir. Digər problem isə, ölkə daxilində demokratiya uğrunda mübarizədir. Sərhədlərimizdən kənarda təhlükələr yarandıqda bu problem daha da dərinləşir. Əgər biz bütün dünyada demokratiyanın cəlbediciliyini bərpa etmək istəyiriksə, bu çağırışları birlikdə həll etmək üçün birlikdə çalışmalıyıq. Ermənistan demokratiyanın gücləndirilməsi üzrə qlobal missiyanı dəstəkləməyə sadiqdir. Ümid edirik ki, biz tək deyilik”.
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə yüzdən çox ölkənin liderləri və nümayəndələri iştirak edib.
Konfransın açılışında Co Bayden çıxış edib, daha sonra panel müzakirələri başlayıb. Konfransda qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələri də iştirak edib.
İki gün davam edən müzakirələrin gündəliyində demokratiyaya təhdidlərə qarşı mübarizə, korrupsiya ilə mübarizə və insan haqlarının qorunması ilə bağlı məsələlər vardı.







