BaşlıcaSiyasət

“Əliyevşünaslıq” şöbəsi totalitar düşüncənin tarix elmində təzahürüdür: Camil Həsənli

Azərbaycanın Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda 14 ildir fəaliyyət göstərən “Əliyevşünaslıq” şöbəsinə toxunub qeyd edib ki, bu şöbə avtoritar idarəçiliyin, totalitar düşüncənin tarix elmində təzahürüdür, azadliq.info məlumat verir. Həsənli xüsusilə yazıb.  

“2008-ci ildə bu qondarma şöbəni açıblar. Şübhəsiz ki, avtoritar idarəçiliyin, totalitar düşüncənin tarix elmində təzahürüdür bu şöbə. O şöbənin ömrü də Əliyevlərin hakimiyyəti qədərdir. Ondan sonra heç kəsə lazım olmayacaq belə mənasız şöbə.

Əgər söhbət Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsindən gedirdsə, İnstitutda “Azərbaycan Sovet dövrü tarixi” və “Azərbaycan Respublikası tarixi” şöbələri var. Bütün siyasi rəhbərlər kimi həmin şöbələrdə Əliyevin də həyat və fəaliyyəti öyrənilə bilər və hətta tarixi proseslərin gerçək rəng çalarlarında siyasi obrazı da yaradıla bilər. Bunun üçün ayrıca şöbə yaratmağa nə ehtiyac? İndi bir anlığa təsəvvür edin ki, Britaniyanın çeşidli tarix institutlarında Çörçilşünaslıq, Tetçerşünaslıq, Amerikanın Milli Tarix İnstitutunda Trumenşünalıq, Reyqanşünaslıq, Fransanın Tarix İnstitutunda Mitteranşünaslıq, Şirakşünaslıq şöbələri olsun. Gülməli olmazmı? Niyə biz özümüzü gülünc vəziyyətə qoyuruq?

Heydər Əliyevlə bağlı heç bir elmi əhəmiyyəti olmayan dissertasiya işləri yazdırılır. Məsələn, Heydər Əliyev və Azərbaycan Respublikasında dini – mənəvi dəyərlərin qorunması. Adam ömrü boyu dinə dəyərlərə qarşı mübarizə aparıb, adamlara öz yaxınlarını molla ilə dəfn etməyi qadağan edib, DTK-nın sədri kimi din xadimlərini təqib edib, indi də elmi cəhətdən “sübut” etməyə çalışırlar ki, sən demə dini dəyərlərin “xilaskarı” imiş. Belə cəfəngiyatlarla Əliyevin adını əbədiləşdirmək istəyirlər?”.

Daha çox göstər
Back to top button