
Ermənistan və Rusiya ekspertlər səviyyəsində informasiya təhlükəsizliyinin təmin edilməsində əməkdaşlıq haqqında saziş layihəsini razılaşdırıblar. Bu barədə “Riya novosti” Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, informasiya təhlükəsizliyi üzrə idarələrarası məsləhətləşmələr zamanı beynəlxalq və regional platformalar, eləcə də informasiya təhlükəsizliyi sahəsində Ermənistan-Rusiya əməkdaşlığı ilə bağlı bütün məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Ekspertlərin məsləhətləşmələri nəticəsində informasiya təhlükəsizliyi üzrə ikitərəfli hökumətlərarası saziş imzalanıb”, – məlumatda qeyd olunub.
Tərəflər MDB, KTMT, eləcə də ATƏT-in səylərinin genişləndirilməsinin zəruriliyini təsdiqləyiblər.
Qeyd edək ki, Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyətinə Təhlükəsizlik Şurasının aparatının nümayəndələri, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf, Rabitə Nazirliyi, Maliyyə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun nümayəndələri, Ermənistan Təhlükəsizlik Şurası ofisinin rəhbəri Hayk Petrosyanın başçılıq etdiyi Ermənistan nümayəndə heyətinə isə Təhlükəsizlik Şurasının əməkdaşları, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri daxildir.







