
Fevralın 18-də Ermənistan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 9-cu iclası keçirilib. Ermənistan tərəfdən iclasa ER xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, Hindistan tərəfdən isə Hindistan Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Rinat Sandhu sədrlik edib.
Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli yüksək səviyyəli təmasların gedişatını və gündəliyini, Ermənistan və Hindistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirlərin təşkilini, o cümlədən 2021-ci ildə iki ölkənin XİN başçıları arasında keçiriləcək görüşü müzakirə ediblər.
Hər iki tərəf müxtəlif beynəlxalq platformalarda sıx əməkdaşlığa və onun daha da dərinləşməsinə toxunub. Tərəflər, həmçinin bir sıra beynəlxalq, o cümlədən regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







