
Sərt sanksiyalar və Ukrayna ilə münasibətlərin gərginləşməsi fonunda Qərbdə ticarət və sərmayə sahəsində Rusiyaya qarşı əlavə məhdudiyyətlər gözləmək olar. Bunu iqtisad elmləri doktoru Karen Adonts “NEWS.am”a müsahibəsində deyib.
Bu baxımdan Rusiya dərhal Qafqaza diqqət yetirdi. Xüsusilə, onun fəaliyyəti İran, Fars körfəzi, Hindistan istiqamətlərində yolların açılması, investisiyaların aktivləşdirilməsi, yeni imkanların və iqtisadi potensialın açılması ilə bağlı olacaq. Hindistan istiqaməti Moskva üçün çox vacibdir, çünki burada sənaye məhsullarının satışı üçün yaxşı bazar açılır.
Bu xətt Rusiya üçün birinci dərəcəli əhəmiyyət kəsb edəcək.
“Əgər biz iqtisadi cəhətdən inkişaf edə bilsək və açılan imkanlardan yararlana bilsək, bu, bizə müsbət təsir göstərəcək.
Bizim üçün pəncərə açılır. Hamı iqtisadi və nəqliyyat layihələri ilə məşğul olacaq, Türkiyə və Azərbaycan Rusiyanın mövcudluğuna diqqətli olacaqlar. Təhlükəsizliyin gücləndirilməsi baxımından bu, yaxşı imkanlar yaradır, lakin bunun üçün rasional yanaşma nümayiş etdirmək və hər şeyi düzgün hesablamaq lazımdır.
Yeni vəziyyət fərqli, daha aktiv və konsolidasiya edilmiş iqtisadi siyasəti nəzərdə tutur”- deyə ekspert bildirib.
Bakı ilə Moskva arasında imzalanan bəyannaməyə gəlincə, Rusiya Türkiyənin bölgədəki təsirini balanslaşdırmalı idi və Adontsa görə, məhz bunu etdi:
“Moskvanın Ermənistan və Azərbaycanda siyasəti yeni investisiya imkanları açır. Bizim vəziyyətimizdə mis istehsalının inkişaf etdirilməsi və müasir mis əritmə zavodunun açılması perspektivlərindən danışmaq olar. Bunun əsasında elektrik avadanlıqlarının istehsalı da inkişaf etdirilə bilər. Rusiya da, İran da bazara çevrilə bilər. Yəqin ki, xaricdən investisiyalar olacaq. Yol tikintisinin də müəyyən təsiri olacaq” – deyə iqtisadçı vurğulayıb.







