
Moskva ilə Azərbaycan arasında bəyannamə Yerevanın Rusiya ilə birgə inteqrasiya layihələrində iştirakını və davam edən yüksək səviyyəli ikitərəfli münasibətləri nəzərə alaraq, Rusiya-Ermənistan münasibətlərinin zərərinə olmayacaq. Bunu NEWS.am-a açıqlamasında rusiyalı politoloq Andrey Areşev deyib.
O, bu və ya digər sənədi imzalamaq başqa, onu konkret məzmunla doldurmaq başqa şey olduğunu bildirərək, Ermənistanla müttəfiqlik haqqında bəyannamənin hələ 2000-ci ildə imzalandığını, oradakı müddəaların həyata keçirildiyini xatırladıb.
Onun sözlərinə görə, Moskva üçün həm Bakı, həm də Yerevan regionda, xüsusən də dəyişən vəziyyət və regional təhlükəsizlik baxımından əhəmiyyətli tərəfdaşlardır.
Areşev Moskvanın balanslı yanaşmasına misal kimi Paşinyanın Moskvaya dəvətini qeyd edib.
“Rusiya regionda sülh və sabitlik üçün təkliflərini irəli sürməyə davam edəcək. Bu təkliflər çərçivəsində Rusiyanın Qarabağda sülhməramlı missiyasının davam etdirilməsi ilə bağlı razılıq əldə oluna bilər. Bunun üçün Moskva ilə Bakı arasında dialoq, o cümlədən iqtisadi və kommunikasiya sahəsində əməkdaşlıq lazımdır. Rusiya-Azərbaycan münasibətləri nə qədər proqnozlaşdırıla bilərsə, bu, Rusiya sülhməramlılarının himayəsində olan Qarabağa bir o qədər müsbət təsir göstərəcək. Qarabağda status-kvonu pozmaq istəyənlər çox olacaq”,-ekspert vurğuladı.







