
44 günlük müharibə zamanı Azərbaycanın hərbi-siyasi rəhbərliyi tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasına dair prokurorluğun obyektiv sübutları var. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın baş prokuroru Artur Davtyan Parlamentin dövlət və hüquq məsələləri üzrə daimi komissiyasının iclasında Ermənistan Respublikası Prokurorluğunun 2021-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
“Konkret hallarda yaşayış məntəqələri və mülki əhali qəsdən hədəfə alınıb, dinc əhali öldürülüb, müharibə qaydaları pozulub, qadağan olunmuş silahlardan istifadə edilib, erməni tarixi və mədəni dəyərləri məhv edilib, milli nifrət zəminində zorakılıq törədilib, işgəncələr və qətl törədilib” – deyə Davtyan bildirib.
Artur Davtyan 44 günlük müharibə zamanı baş verən terror aktlarına da toxunub.
“Cinayət işi üzrə əldə edilmiş obyektiv sübutlar aydın şəkildə göstərir ki, 2020-ci ilin iyun-iyul aylarından etibarən tanınmış terrorçu qruplaşmalar Suriyanın şimal bölgələrindən muzdlular toplamağa başlayıb. İşə cəlb olunan muzdlular heç bir problem olmadan Türkiyə-Suriya dövlət sərhədindən Türkiyəyə aparılıb və Türkiyədən Azərbaycana gətirilib.
Azərbaycan ərazisində onların hərbi hazırlığı keçirilirib. Bizim tərəfimizdən həbs edilən suriyalı muzdluların ifadələrinə görə, onlar dağlıq ərazilərdə döyüşmək üçün xüsusi təlim keçiblər. Onlara qəsəbələrdə dinc əhalini hədəfə almaq, öldürmək və işgəncə vermək tapşırılıb” – deyə Davtyan bildirib.
Baş prokurorun sözlərinə görə, 44 günlük müharibə ilə bağlı Azərbaycanın hərbi-siyasi rəhbərliyinin 60 üzvü barəsində cinayət təqibi başlanıb.







