
Baş nazir cənab Kolominanın səfərini alqışlayaraq qeyd edib ki, Ermənistanın NATO ilə tərəfdaşlığı, xüsusilə sülhməramlı missiyalar çərçivəsində onun dərinləşməsində maraqlıdır.
Regional vəziyyətə toxunan Nikol Paşinyan qeyd edib ki, vəziyyət kifayət qədər gərgindir və Ermənistan bu prosesdə beynəlxalq tərəfdaşların dəstəyini zəruri hesab edərək, mövcud problemlərin həlli istiqamətində addımlar atır.
Qəbula görə təşəkkür edən Xavyer Kolomina “Ermənistanın NATO üçün potensial tərəfdaş olduğunu” qeyd edib və NATO-nun Baş katibi Yens Stoltenberqin salamlarını ER Baş nazirinə çatdırıb.
O vurğulayıb ki, Şimali Atlantika alyansı erməni sülhməramlılarının Kosovo sülhməramlı missiyasındakı fəaliyyətini yüksək qiymətləndirir, “onun səfəri tərəfdaşlıq perspektivlərini, eləcə də regional hadisələri müzakirə etmək üçün fürsətdir”.
Cənab Kolomina qeyd edib ki, NATO Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsinə sadiqdir və bu prosesə kömək etməyə hazırdır.
Həmsöhbətlər Ermənistan-NATO tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələlərinə, Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub.
Baş nazir Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, Dağlıq Qarabağ münaqişəsinin həlli, kommunikasiya kanallarının açılması, Ermənistan-Türkiyə dialoq prosesi ilə bağlı Ermənistanın mövqelərini təqdim edib.
Nikol Paşinyan beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmalara toxunaraq, regionda sabitliyin pozulmasına yönəlmiş hərəkətlərə beynəlxalq ictimaiyyətin məqsədyönlü reaksiyasının vacibliyini bir daha vurğulayıbdır.







