
Dağlıq Qarabağ münaqişəsinin həllindən ilk öncə Artsax və Artsax xalqı faydalanacaq. “Armenpress”in xəbərinə görə, bunu Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan Ermənistan Respublikası hökumətində Artsax Respublikasının prezidenti Arayik Harutyunyan və Artsax hökumətinin üzvləri ilə görüşü zamanı deyib.
Onun sözlərinə görə, ER hakimiyyəti hər zaman Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar, onun məzmunu, prosesi, çağırışları və imkanları barədə Artsax hakimiyyətinin məlumatlandırılmasını vacib hesab edib, bu prinsip həmişə qorunub saxlanılıb və bundan sonra da belə olacaq.
“DQ münaqişəsinin həllindən ilk öncə Artsax və Artsax xalqı faydalanacaq, ona görə də gizli danışıqlar aparılması, onların həyata keçirilməsi məntiqsizdir, belə bir şeyi təsəvvür etmək mümkün deyil” – deyə Paşinyan bildirib.
O, Artsax prezidenti Arayik Harutyunyanın Artsax hakimiyyətinin də sülh gündəmini qəbul etməsi ilə bağlı son bəyanatını yüksək qiymətləndirib. “Sülh gündəmi məğlubiyyət gündəmi deyil. Sülh gündəmi müharibə dəhşətini, bundan sonra yaranan çətinlikləri aradan qaldırmaq gündəmidir, insanların təhlükəsizliyini, hüquqlarını, gələcəyini təmin etmək gündəmidir. Ağır, gərgin iş nəticəsində mən Ermənistan və Artsax Respublikası xalqının hüquq və təhlükəsizliyinin təminatı olan, bizi bəhs etdiyimiz mərhələyə aparmalı olan addımların ardıcıllığını görürəm” – deyə baş nazir əlavə edib. .
O, Artsax vətəndaşının Artsaxda yaşamasını, özünü artsaxlı, qarabağlı və erməni hesab etməsini vacib sayıb. “Birgə işimizin böyük hissəsi sosial-iqtisadi sahə ilə bağlıdır. Bizim üçün əsasdır ki, Artsaxda insanlar yaşasın və Artsaxda özlərini təhlükəsiz hiss etsinlər. Mən əminəm ki, biz düzgün istiqamətdə gedirik. Mən şadam ki, Artsax hakimiyyəti bu gündəmi bölüşür” – deyə Nikol Paşinyan qeyd edib.







