
Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı mayın 3-də ənənəvi Ümumdünya Mətbuat Azadlığı İndeksini yayıb. Bu indeksdə Azərbaycan 180 dünya ölkəsi arasında mətbuatı azad olmayan ölkələrin sırasında, 154-cü yerdə qərarlaşıb. “Sərhədsiz Reportyorlar” təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye Amerikanın Səsinə müsahibədə Azərbaycanda son bir ildə media sahəsində baş verən dəyişikliklərdən danışıb.
Janna Kavelyenin sözlərincə, faktiki olaraq, Azərbaycan reytinqin ən pis kateqoriyasında sıralanıb və orada mətbuat azadlığının durumu çox ciddi olaraq təsnif edilir.
“Əlbəttə ki. Prezident İlham Əliyev hələ də mətbuat azadlığının qənimidir və biz yeni media haqqında qanunun onun ölkəsinin mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini pozduğunu görürük. Ona görə qə qanunun yenidən nəzərdən keçirilməsinə çağırırıq.
Qısa desək, bu qanun senzuranı qanuniləşdirir və mətbuat azadlığını tapdalayır. Biz, məsələn, jurnalistlərin həbs olunduğunu və polislərin onlara “Siz yeni media qanunu pozmusunuz” dediyinə şahid olmuşuq. Yəni, konrekt olaraq, bu qanuna görə jurnalistlər daha da çox repressiyaya məruz qalırlar”- deyə o qeyd edib.
Janna Kavelyenin fikrincə, beynəlxalq ictimaiyyət Azərbaycanla əlaqələrini kəsə bilməz və əvəzində hakimiyyətə həm Azərbaycan sərhədlərinin daxilində, həm də onun hüdudlarından kənarda, xüsusilə Avropa ölkələrində həyata keçirdiyi bu qəddar repressiyaya son qoyması üçün təzyiq göstərməlidir
“Azərbaycan mətbuat azadlığı baxımından ən pis kateqoriyadadır, ona görə də Rusiyada, Belarusda, Çində baş verənlərlə müqayisə oluna bilər. Onlar eyni kateqoriyadadır.
Məsələn biz ötəl il həmçinin öyrəndik ki, Azərbaycanda jurnalistlər birmənalı olaraq, Pegasus izləmə proqramını satan İsrail şirkəti, NSO Group-un müştərisi olan Azərbaycan hakimiyyəti tərəfindən izlənir.
Bu həqiqətən də Azərbaycan hakimiyyətinin jurnalistləri izlədiyinin və jurnalistlərin hakimiyyət tərəfindən hədəf alındığının sübutudur”- deyə o vurğulayıb.







