
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistanın 6 bəndlik təklifini açıq şəkildə rədd etməsini görmədiyini deyib.
Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlama verən Qriqoryan xatırladıb ki, Bakının 5 bəndlik təklifinə cavab olaraq Ermənistan 6 bəndlik təklif təqdim edib.
“Azərbaycanın təklif etdiyi bəndlər Ermənistan üçün qəbuledilməz deyildi. Ermənistan hərtərəfli sülhün mümkün olması üçün 6 bəndlik təkliflərini irəlü sürüb. İndi bizim yanaşmamız ondan ibarətdir ki, bu iki paket, 5+6 bəndi bir-biri ilə birləşdirilməli və sülh müqaviləsi üzrə danışıqlara başlanılmalıdır”, – Qriqoryan bildirib.
O, Ermənistanın Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi, müdafiəsi və hüquqlarının həllinin prioritet olması ilə bağlı mövqeyini bir daha bəyan edib.
“Mən bu paketin ictimaiyyət tərəfindən rədd edilməsini görməmişəm. Müzakirələrimizdə belə bir anlayış var ki, bu iki paket birləşdirilməlidir və danışıqlar başlamalıdır. Həm Azərbaycan tərəfi, həm də bütün digər beynəlxalq tərəfdaşlar bu anlayışa malikdirlər. 5+6 bəndi üzrə danışıqlara başlamaq qanuni yanaşmadır və biz bunu başa düşürük”, – Qriqoryan bildirib.







