
Azərbaycan erməni əsirlərinin qaytarılması məsələsini ticarət predmetinə çevirməyə çalışır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 11-də Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı deyib.
“Təəssüflər olsun ki, 9 noyabr 2020-ci il tarixli bəyanata, bir çox beynəlxalq təşkilatların çağırışlarına baxmayaraq, 44 günlük müharibə zamanı əsir düşən vətəndaşlarımız geri qaytarılmayıb, bu da anlaşılmazdır. Bu, insanlardan siyasi məqsədlər üçün istifadə etmək, onları ticarət obyektinə çevirmək hərəkətdir, bu pislənməlidir. Xəritələri insanlarla mübadiləsi cəhdi görəndə, siyasi qərar verdik ki, ticarət etmək bizim dəyərlərimizin məntiqindən kənardır.
Azərbaycan müharibədən qalan mina tarlalarında hər gün insanların öldürüldüyünü iddia edirdi, rəqəmlər dərc edirdi, mən şəxsən siyasi qərar verdim ki, bu ticarət baş tutmasın, humanitar addım atılacağına ümid edərək əlimizdə olan bütün xəritələri Azərbaycana təhvil verdik. Bundan sonra Azərbaycan həmin xəritələrin o qədər də dəqiq olmadığını bəyan etməyə başladı. Onlar bunu da spekulyasiya mövzusuna çevirməyə çalışdılar”,- Paşinyan vurğuladı.
Paşinyan vurğulayıb ki, Ermənistan tərəfi bunu sülh gündəmindəki səmimiyyətini, sülh gündəminə sadiqliyini göstərmək üçün edib.
“Bu günə qədər Azərbaycanda ən azı 38 hərbi əsir qalıb. Bu prosesi müxtəlif mövzularda alqı-satqı etməyə daim cəhdlər edilir. Yeri gəlmişkən, Azərbaycan prezidenti sonuncu dəfə Avropa Şurası prezidentinin iştirakı ilə əsirlərin daha bir qrupunu azad etmək vədi versə də, bu indiyədək baş verməyib. Mən hesab edirəm ki, məsələnin humanitar tərəfini nəzərə almadan sülhdən danışmaq mümkün deyil, biz bunu praktikada göstərmişik”,- Paşinyan qeyd etdi.







