
Ermənistan Respublikasının əlində bizim ərazimizdə anklavların olması ilə bağlı heç bir sənəd yoxdur, lakin Azərbaycan ərazisində anklavların olması üçün hüquqi əsaslar var.
Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyanan anklavların qaytarılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına cavab verirkən deyib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bəyan etmişdi ki, bir sıra anklavların qaytarılması məsələsi Ermənistanla sərhədin delimitasiyası çərçivəsində həll olunacaq.
“Azərbaycanın anklavları tələb etmək üçün heç bir hüquqi əsası yoxdur, Azərbaycan xarici işlər nazirinin müavininin bəyanatı isə heç bir hüquqi sənədə əsaslanmayıb”,- Edmon Marukyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Marukyan deyib ki, Yerevan Ermənistan ərazisindəki hər hansı anklavla bağlı Bakıdan hüquqi əsaslandırma və ya hüquqi sənədlər almayıb. “Müxtəlif xəritələr dərc olunub, lakin çox mühüm bir hal var: tərəflərdən birinin dərc etdiyi xəritə ərazinin bu və ya digər tərəfə məxsus olmasına qanuni əsas deyil. İstənilən xəritə hüquqi sənədə əsaslanmalıdır”, – səfir bildirib.
Onun sözlərinə görə, Sotk-Xoznavar hissəsində, Tavuş bölgəsində, Syunikdə, Geğarkunikdə Azərbaycan qoşunları Ermənistan Respublikasının suveren ərazisindədir, onlar çıxmalıdırlar.
Xatırladaq ki, mayın 5-də Ermənistan Təhlükəsizlik Şurasının katibi bildirib ki, anklavlar məsələsi müzakirə olunmur.







