
Ermənistanda aksiyalar keçirən müxalifət hakimiyyətə gələcəyi təqdirdə Azərbaycan və Türkiyə ilə danışıqlara hazırdır, ancaq öz gündəliyi ilə həmin danışıqlara gedəcək. “Armenpress”in məlumatına görə, bunu mayın 14-də Fransa meydanında keçirilən mətbuat konfransında Daşnaksütyun ali orqanının nümayəndəsi İşxan Sağatelyan deyib.
Sağatelyan əvvəlcə “Müqavimət” hərəkatının bu 14 günlük mübarizəsi zamanı əldə etdiyi nailiyyətləri təqdim edib. Onun sözlərinə görə, məsələn, hərəkat Artsax məsələsində erməni tərəfinin barı aşağı salması prosesini dayandırıb, hərəkat real siyasi böhran yaradıb.
“Hərəkat öz həcminə, ölçüsünə və populyarlığına görə müstəqil Ermənistanın son 30 ildəki tarixində unikaldır. Bu, əslində, ikinci Qarabağ hərəkatıdır”- deyən Sağatelyan qeyd edib.
Sağatelyanın sözlərinə görə, hazırkı hökumətin Azərbaycanla əldə etdiyi razılaşma sülh sazişi deyil. O qeyd edib ki, onlar hökuməti devirəndən sonra nə Azərbaycana, nə də Türkiyəyə müharibə elan edəcəklərini və ya danışıqlara getməyəcəklərini demirlər.
“Biz Azərbaycan və Türkiyə ilə danışıqlar aparacağıq. Amma biz o danışıqlara öz gündəmimizlə gedəcəyik. Biz xalqımızın, dövlətimizin mənafeyini müdafiə etməyə gedirik”- deyə o vurğulayıb.
“Hərəkat 1988-ci ildəki Qarabağ hərəkatının təbiətinə, formatına və ideologiyasına çox oxşayır”- deyən Sağatelyan uğurun yaxında olduğuna əminliyini ifadə edib.







