
Brüsseldə səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərlə sual-cavab zamanı bildirib:
“Mən bu gün Brüsseldə Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının dördüncü sessiyasına sədrlik etmək üçün burada olmaqdan şadam. Çox sevindirici haldır ki, mövcud reallıqlara və çoxsaylı çağırışlara baxmayaraq, biz müxtəlif səviyyələrdə danışıqlarımızın və əməkdaşlığımızın davamlılığını təmin edə bilirik.
Ermənistan-Aİ Tərəfdaşlıq Şurası həqiqətən də bizim dərin müzakirələr apardığımız, Ermənistan-Aİ ikitərəfli gündəliyinin konkret aspektlərindən tutmuş regional və siyasi məsələlərə qədər müxtəlif mövzular üzrə fikir mübadiləsi apardığımız unikal platformadır. Gözləyirəm ki, formalaşmış ənənələrə uyğun olaraq bizim açıq və hərtərəfli dialoqumuz olacaq”,-deyə nazir əlavə etdi ki, Cənubi Qafqazdakı vəziyyət, Ermənistan və Azərbaycan arasında nizamlanma prosesi, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həlli barədə danışacaqlar.
“Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatına uyğun olaraq Aİ-nin sülh prosesinə dəstəyini gözləyirik. Bu gün həll olunmamış humanitar məsələlər, xüsusilə, erməni hərbi əsir və girovların azad edilməsi məsələsi, eləcə də erməni mədəni irsinin qorunması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı digər məsələlər müzakirə olunacaq.
Ümumiyyətlə qeyd etmək istərdim ki, bugünkü görüş daha güclü anlaşma, daha yüksək səviyyəli tərəfdaşlıq, o cümlədən vətəndaşlarımız üçün sülh və firavanlıq yolunda daha bir mühüm addımdır”, – Mirzoyan qeyd etdi.







