
İran və Ermənistan arasında siyasi əlaqələr əladır, iki ölkə arasında konsensus, qarşılıqlı dəstək və qarşılıqlı etimad mühiti mövcuddur.
Bu haqda İran İslam Respublikasının Ermənistanda olan Fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Ermənistan-İran diplomatik əlaqələrinin 30-cu ildönümü münasibətilə NEWS.am saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələrdə dinamik artım var. Ermənistanın xarici ticarətində İranın payı təxminən 6% təşkil edir ki, bu da onun digər qonşu ölkələrlə xarici ticarət rekordundan yüksəkdir.
Lakin biz bu göstərici ilə kifayətlənməməliyik, çalışmalıyıq ki, iqtisadi-ticari əlaqələri inkişaf etdirək, eləcə də iki ölkə arasında energetika və nəqliyyat kimi infrastruktur sahəsində əlaqələri genişləndirib daha da dərinləşdirək.
İranın tezliklə Sünik bölgəsinin Kapan şəhərində konsulluq açacağı ilə bağlı qərara toxunan səfir, baş konsulluğun yaradılmasının müxtəlif nöqteyi-nəzərdən zəruri olduğunu bildirib.







