
Ermənistan mayın 25-də İrəvan vaxtı ilə saat 22:35-də Yer orbitinə ilk peykini buraxıb, bu barədə ER-nın Baş naziri Nikol Paşinyan məlumat verib.
Paşinyanın sözlərinə görə, bu, “Geocosmos” dövlət müəssisəsi ilə İspaniyanın “Satlantis” şirkətinin əməkdaşlığı sayəsində həyata keçirilib. Qurğu “SpaceX Falcon 9” raketi ilə göndərilib. Baş nazir izah edib ki, peyklə bağlı bütün qərarlar gizli saxlanılıb.
Raketin buraxılışında yüksək texnologiyalar sənayesi naziri Robert Xaçatryan və Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts iştirak edib.
“Ermənistan kosmik fəaliyyət dövrünə qədəm qoyur”, – Paşinyan bildirib.
Onun sözlərinə görə, hökumətin məqsədi Ermənistanda kosmik texnologiyaların, eləcə də kosmik avadanlıqların istehsalının lokallaşdırılmasıdır.
O əlavə edib ki, 2023-cü ilin sonuna kimi Ermənistanda peyk idarəetmə mərkəzi yaradılacaq, onun ətrafında mütəxəssislər komandası formalaşacaq. Buraxılan qurğu ilə çəkilmiş fotoşəkillər sərhəd nəzarəti, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi üçün istifadə olunacaq.










