
Dünya Sülh İndeksində Ermənistan ən sülhsevər ölkələr siyahısında Azərbaycan, Türkiyə və Gürcüstanı qabaqlayır. Alınan məlumata görə, 2022-ci il üçün “Qlobal Sülh İndeksi” reytinqi dərc edilib və Ermənistan bu reytinqdə 83-cü yerdədir.
Azərbaycan 128-ci, Türkiyə 145-ci yerdədir. Gürcüstan siyahıda 95-ci, İran isə 141-ci yerdədir.
Ötən ilki indeksdə Ermənistan və Gürcüstan bərabər xalla 86-cı, Azərbaycan 120-ci, Türkiyə isə 150-ci yerdə olub.
Ən sülhsevər ölkələr siyahısına İslandiya başçılıq edir. İlk onluqda həmçinin Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya, Portuqaliya, Sloveniya, Çexiya, Sinqapur və Yaponiya yer alıb. İndeks Əfqanıstanı yekunlaşdırır.
Ümumdünya Sülh İndeksi İqtisadiyyat və Sülh İnstitutu (IEP) tərəfindən dərc olunub.
İndeksdə sülhə doğru əsas meyllərin, onun iqtisadi dəyərlərinin, sülhsevər cəmiyyətlərin inkişaf üsullarının tam təhlili təqdim olunur.
Dünya Sülh İndeksi dünya əhalisinin 99,7%-ni əhatə edir. İndeks sülhün vəziyyətini üç istiqamətdə ölçür: ictimai təhlükəsizlik səviyyəsi, müdafiə səviyyəsi, davam edən daxili və beynəlxalq münaqişələrin dərəcəsi və hərbiləşmə dərəcəsidir.







