BaşlıcaSiyasət

Rusiya Yerevan ilə Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır: Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib ki, tərəflər Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məsələlərini müzakirə ediblər.

“Cənubi Qafqaz regionunda bütün kommunikasiyaların və iqtisadi əlaqələrin açılması ilə bağlı Üçtərəfli İşçi Qrupun işindən məmnunluq ifadə etdik. Onlar iyunun 3-də Moskvada, iki həftə sonra isə Peterburq İqtisadi Forumu çərçivəsində görüş keçiriblər. Son təmaslar dəmir yol və avtomobil yolu marşrutu ilə bağlı tərəflərin mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşmağa imkan verib” – deyə Lavrov vurğulayıb.

Lavrov Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın işinin davam etməsinin vacibliyini qeyd edib. Lavrov vurğulayıb ki, Rusiya Yerevan ilə Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etməyə hazırdır.

ATƏT-in MQ həmsədrliyinin fəaliyyətinə toxunan Lavrov MQ fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırdığını qeyd edib.

Öz növbəsində, Azərbaycan XİN başçısı Ceyhun Bayramov bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlarla bağlı vəziyyətin qiymətləndirilməsində ehtiyatlı nikbinlik mövcuddur. “Bir il əvvəlki vəziyyətlə müqayisədə irəliləyişlər var və biz Rusiyanın Bakı və Yerevan arasında münasibətlərin normallaşdırılmasındakı rolunu yüksək qiymətləndiririk”- deyə Bayramov qeyd edib.

Rusiya XİN başçısı azərbaycanlı həmkarı ilə görüşdə “3+3” formatında əməkdaşlığın davam etdirilməsinin vacibliyinə dair razılaşdıqlarını söyləyib.

Nazirlər həmçinin Rusiyada və Azərbaycanda bəzi KİV-lərin bloklanması məsələsi ilə bağlı şərh veriblər. Lavrovun sözlərinə görə, tərəflərin bu məsələlərlə bağlı məsləhətləşmələri davam etdiriləcək və onlar hər iki ölkənin qanunvericiliyinə uyğun olaraq tənzimlənməlidir.

Daha çox göstər
Back to top button