Başlıcaİctimaiyyət

AŞPA Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı məruzə hazırlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr” adlı hesabat hazırlamaq haqqında qərar qəbul edib. Məruzəni AŞPA-nın Hüquq məsələləri və insan hüquqları Komitəsi hazırlayacaq. Bu barədə AŞPA iyunun 27-də məlumat yayıb.

Məlumatda deyilir ki, Mədəniyyət, elm, təhsil və KİV Komitəsinə bu məsələ ilə bağlı rəy hazırlamaq da tapşırılıb.

Bu il mayın 2-də bir qrup AŞPA deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyat və təhlükəsizliyi üçün təhlükələr haqqında qətnamə qəbul etmək təşəbbüsü ilə çıxış edib. Belçikalı deputat Kristof Lakruanın təşəbbüsünü AŞPA-nın 24 ölkədən olan 37 üzvü dəstəkləyib.

Deputatlar xüsusən jurnalist Əvəz Şıxməmmədovun fevralın 22-də öz evində öldürülməsinə, bloger və hüquq müdafiəçisi Bəxtiyar Hacıyevin oğurlanmasına, habelə Azərbaycanda və xaricdə araşdırmaçı reportyorlar üçün təhlükələrə istinad ediblər.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov  “Amerikanın Səsi”nə deyib ki, Hüquq məsələləri və insan hüquqları Komitəsi sentyabrın 15-də məruzəçi təyin edəcək. Bundan sonra məruzəçi hesabatı hazırlamağa başlayacaq.

Daha çox göstər
Back to top button