BaşlıcaSiyasət

Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammitində iştirak edəcək

ER Baş naziri Nikol Paşinyan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək.

 Bu haqda Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədovun “Facebook” səhifəsindən məlumat verilib.

O yazıb ki, sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində 15 dövlətin başçısı iştirak edəcək.

“Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin rəhbərləri Şurasının sessiyası keçiriləcək. Həmin tədbir ŞƏT liderlərinin 2019-cu ildən bəri ilk təkbətək görüşü və Özbəkistanın təşkilata sədrliyinin başa çatması olacaq” – deyə Əsədov bəyan edib.

Əsədov qeyd edib ki, Özbəkistanın ŞƏT-də sədrliyi dövründə əsas diqqət iqtisadi-ticari əlaqələrinin möhkəmləndirilməsinə, sənaye əməkdaşlığının təşviqinə, eləcə də nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib.

Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirzoyev, Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin, Hindistan Baş naziri Narendra Modi, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Pakistan Baş naziri Şahbaz Şərif, Qırğızıstan Prezidenti Sadir Japarov və Tacikistan Prezidenti Emoməli Rəhmon iştirak edəcək.

Belarus Prezidenti Aleksandr Lukaşenko, İran Prezidenti İbrahim Rəisi, Monqolustan Prezidenti Uhnaaqiyn Xurelsux sammitdə müşahidəçi qismində iştirak edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ŞƏT sammitində qonaq qismində iştirak edəcəklər.

Daha çox göstər
Back to top button