
ABŞ Dövlət Departamenti Moskvanın Qərbin Azərbaycan və Ermənistan arasında problemlərin nizamlanması üzrə səyləri ilə bağlı tənqidini kəskin şəkildə təkzib edib.
“Biz, şübhəsiz ki, səylərimizin özünüreklam kimi tövsif edilməsini təkzib edirik”, – deyə Dövlət Departamentinin nümayəndəsi Ned Prays gündəlik brifinqdə bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya XİN nümayəndəsi Mariya Zaxarova ABŞ-ı və Aİ-ni “özünüreklamda” ittiham edib, Qərbin Bakı, Yerevan və Moskva arasında üçtərəfli əlaqələr sayəsində əldə edilmiş razılaşmaları öz adına yazmağa çalışdığını bildirib. Vaşinqton və Brüssel “Zaqafqaziya ilə bağlı kompromislərdə maraqlı deyillər və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar”, deyə Zaxarova bildirib.
Zaxarovanın sözlərini şərh edən Prays deyib ki, “şiddətə və həm ermənilər, həm də azərbaycanlılar arasında ölümlərə gətirib çıxaran çoxillik münaqişələrə son qoymaq cəhdində heç bir özünüreklam yoxdur”.
“Bizim yeganə məqsədimiz hərtərəfli və möhkəm sülhə nail olmaq və həyatları xilas etmək üçün bu ölkələrin birlikdə hərəkət etməsinə kömək etməkdir. Bilmirəm, bunun nəyi özünüreklam kimi şərh edilə bilər”,- deyə o əlavə edib.
“Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqik. Hər iki lideri onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırırıq”. Vaşinqton hesab edir ki, birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının yeganə açarıdır. “Məhz buna görə dövlət katibi Blinken sentyabrda, son gərginlik dalğasından sonra ilk dəfə öz həmkarlarını – Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Nyu-Yorkda bir araya gətirib”, deyə Prays xatırladıb.
Prays deyib ki, “Ermənistan və Azərbaycan prezident Putinin dəvət edilməsinin onların möhkəm sülh əldə etmək cəhdləri üçün faydalı olub-olmayacağına özləri qərar verməlidirlər”.
“Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın və Gürcüstanın Sovet İttifaqından müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədə asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi”, deyə Prays qeyd edib.







