
ABŞ sülh müqaviləsinin bağlanmasında Ermənistan və Azərbaycana dəstəyini davam etdirməyə hazırdır. “Factor.am” saytına əsasən, bunu Bakıda mətbuat konfransında ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Lui Bono deyib.
“Bir neçə həftə əvvəl dövlət katibi Blinkeni Münhenə səfəri zamanı müşayiət etmişəm, o, prezident Əliyev və baş nazir Paşinyanla görüşüb. Görüş konstruktiv keçib və bu fikir bütün görüş iştirakçıları tərəfindən bölüşdürülüb. Bundan sonra dövlət katibi sülh prosesini davam etdirmək üçün ən qısa zamanda bölgəyə səfər etməyimi xahiş etdi. Ona görə də indi buradayam”, – deyə Bono bildirib.
O, Bakı və Yerevan nümayəndələri arasında keçirilən görüş və razılaşmalardan sonra təxribatlar, atəşkəs rejiminin pozulması halları baş verəndə ABŞ sülh prosesini qorumaq üçün nə edə bilər sualına cavab verərək, qeyd edib ki, ABŞ barışdırıcı deyil, vasitəçi rolunda çıxış edir.
“Sülh prosesinin davamlı olması üçün tərəflərin özləri bunu istəməli, bu, ABŞ və ya başqasından deyil, tərəflərin özlərindən gəlməlidir. Bizim vəzifəmiz tərəfləri bir-biri ilə danışmağa, təkliflər verməyə və mübadilə etməyə məcbur etməkdir”, – ABŞ dövlət katibinin müşaviri bildirib.
O, Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünün nə vaxt keçirilə biləcəyi sualına cavab verməkdə çətinlik çəkib və bu sualın Avropa İttifaqının nümayəndələrinə ünvanlanmasını təklif edib.
Minsk qrupunun fəaliyyətindən, bununla bağlı Rusiya və Azərbaycanın bəyanatlarından danışan Bono qeyd edib: “Mən prezident Əliyevin Minsk Qrupu ilə bağlı fikirlərini bilirəm. Mənim fikrim odur ki, tərəflər bir yerdə otursunlar və bunun Minsk Qrupunda və ya başqa yerdə olmasının fərqi yoxdur. Təəssüf ki, Minsk qrupunun üzvlərindən biri onun işində iştirak etmir”.
Laçın dəhlizindəki vəziyyətdən və onun Azərbaycan tərəfindən bağlanmasından danışan Bono Münhendə dövlət katibi Blinkenin dəhlizin açılmalı olduğu barədə sözlərini xatırladıb. “Biz qəbul edirik ki, təhlükəsizlik problemi var, lakin bütün lazımi malların və mülki malların daşınması və Qarabağ xalqı üçün əlçatan olması lazımdır. Bizim məqsədimiz və vəzifəmiz azərbaycanlıların və ermənilərin iztirablarına son qoymaqdır ki, bu xalqlar yan-yanaşı dinc yaşaya bilsinlər”, – amerikalı diplomat bildirib.
O, sabah Yerevana səfər edəcəyini də bildirib. “Mənim səfərimin məqsədi tərəfləri dialoqa və yeni görüşə təşviq etməkdir”, – Bono bildirib.
Əlavə edək ki, Lui Bono bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.







