
İki həftə əvvəl Yerevana gələn və ölkəmizdə diplomatik xidmətə başlayan ABŞ-ın Ermənistandakı 10-cu səfiri Kristina Kvinn Ermənistan-Azərbaycan münaqişəsinin həlli, eləcə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üçün əlindən gələni edəcəyini vəd edir.
ABŞ-ın Ermənistandakı səfirliyi tərəfindən yayımlanan videoda səfir deyir: “Mən bilirəm ki, son illər çətinliklərlə dolu olub, artıq Ermənistanda məcburi köçkünlərdən onların çətinlikləri barədə şəxsən eşitmək imkanım olub. Mən söz verirəm ki, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün mümkün olan hər şeyi edəcəyəm.
Ermənistan dinc və təhlükəsiz şəraitdə yaşamağa, seçdiyi siyasi və iqtisadi yolla getməyə layiqdir. Ermənistan-Amerika əlaqələri güclüdür və mən əlaqələrimizi daha da gücləndirmək və Ermənistana parlaq və firavan gələcək qurmaqda kömək etmək üçün səylərimi əsirgəməyəcəyəm”.
Səfir həmçinin qeyd edib ki, hələ uşaq vaxtı erməni xalqının tarixinin ağrılı səhifələrini, xüsusən də Erməni Soyqırımını öyrənib və Yerevana gəldikdən sonra soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək üçün dərhal Tsitsernakaberdə gedib.
“Mən Ermənistanın çoxəsrlik zəngin tarixi və mədəni irsi ilə tanışam və erməni xalqının inanılmaz dözümlülüyünə heyranam. Mən bu ölkəni tam olaraq kəşf etmək və erməni xalqını tanımaq istəyirəm “,-deyə səfir vurğulayıb.







