
Ermənistan AB-nin mülki missiyasının Azərbaycanla beynəlxalq sərhəddə yerləşdirilməsinə yerdə təhlükəsizliyin artırılması, regionda sülh və sabitliyə töhfə vermək üçün dəyərli alət kimi baxır.
Aldığımız məlumata görə, bu haqda ER Xarici işlər naziri Ararat Mirzoyan Rumıniyanın Xarici işlər naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Mirzoyan bildirib ki, o, rumıniyalı həmkarı ilə ikitərəfli əməkdaşlığın geniş mövzularını müzakirə edib. Xarici işlər nazirləri həmçinin 2023-2024-cü illər üçün birgə fəaliyyət planını imzalayıblar.
“Biz ikitərəfli gündəliyə, müqavilə-hüquq bazasına, müntəzəm siyasi məsləhətləşmələrə, o cümlədən mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığa hazır olduğumuzu bildirdik.
İqtisadi münasibətlərdə mövcud olan bütün potensialın reallaşdırılması üçün addımlar atmağa, işgüzar əlaqələrə hazır olduğumuzu bildirdik”- deyərək Mirzoyan bildirib.
Ermənistan-AB siyasi və təhlükəsizlik dialoqu, Ermənistan-AB hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin səmərəli icrası məsələləri də xarici işlər nazirlərinin görüşünün gündəliyində olub.
Nazirlər iki ölkənin “Şərq Tərəfdaşlığı” və “Avropa Siyasi Birliyi” çərçivəsində əməkdaşlığı barədə də fikir mübadiləsi aparıblar.
“2022-ci ilin sentyabrında Azərbaycanın Ermənistana təcavüzündən dərhal sonra AB müşahidəçilərinin Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin Ermənistan tərəfinə göndərilməsi və daha sonra AB-nin uzunmüddətli mülki müşahidə missiyasının yerləşdirilməsi AB-nin regionumuzda mühüm iştirakıdır.
Biz bunu yerlərdə insanların təhlükəsizliyini artırmaq, regionda sülh və sabitliyə töhfə vermək üçün dəyərli alət kimi görürük. Biz Rumıniyanın AB-nin müvafiq müzakirələrindəki dəyərli töhfəsini olduqca yüksək qiymətləndiririk” – deyərək ER XİN rəhbəri vurğulayıb.







